Ötən il yetkinlik yaşına çatmayanlara qarşı 618 cinayət faktı qeydə alınıb

«2015-ci il ərzində yetkinlik yaşına çatmayanlara qarşı 618 cinayət faktı qeydə alınıb. 182 cinayət zorakılıqla bağlı olub».
 
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsindən Pərviz Əliyev bildirib. Komitə rəsmisi modern.az-a deyib ki, ötən il yetkinlik yaşına çatmayanlarla nikah bağlanması halları da qeydə alınıb:
 
«2015-ci il ərzində erkən yaşlarında qızların evlənmək məqsədilə qaçırılması üzrə 47 fakt aşkar edilib. İl ərzində yetkinlik yaşına çatmayan 1 nəfər insan alverinin qurbanı olub». 
 
Komitə rəsmisi deyib ki, məişət zorakılığı, erkən nikah hallarının statistikası reallığı tam əks etdirmir. Çünki bu halların bəziləri zorakılıq qurbanları tərəfindən məlumat verilmədiyinə görə qeydə alınmır.
 
Komitə əməkdaşı qeyd edib ki, zorakılıq hadisələrinin səbəblərini müəyyən etmək məqsədilə 2013-cü ildə respublikanın regionlarında sorğular keçirilib. Bu halların baş verməsinin əsas səbəbləri kimi zorakılıq, eləcə də cəmiyyətdə məlumatsızlıq müəyyən edilib./

Google+ WhatsApp ok.ru