`Təfəkkür` Universiteti qapadıldı

`Təfəkkür` Universiteti qapadıldı

Təhsil Nazirliyi “Təfəkkür” Universitetini qapadıb. Bununla bağlı qərarın universitetin müraciəti əsasında çıxarıldığı bildirilir.
 
Nazirliyin mətbuat xidməti xəbər verir ki, “Təfəkkür ” Universiteti 2016-cı ilin oktyabrında Təhsil Nazirliyinə müraciət edib. Müraciətdə universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətin dayandırılması barədə qərar qəbul etdiyi bildirilib.
 
Nazirlik müraciəti və universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini nəzərə alaraq 2017- 2018-ci tədris ilində ora tələbə qəbulunun proqnozlaşdırılmaması ilə bağlı qərar qəbul edib.
 
Qərarda tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsinin təşkilindən ötrü İşçi Qrupunun yaradılması da nəzərdə tutulub.
 
İşçi Qrup tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi ilə bağlı təkliflər hazırlayıb nazirlik rəhbərliyinə təqdim etməlidir.
 
Nazirlik bildirir ki, “Təfəkkür”-ün tələbələrinin ixtisasları, qəbul imtahanlarında topladıqları ballar nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində yerləşdirilmələrinə lazımi şərait yaradılacaq.
 
Köçürüləcəkləri universitetlərdə onlara təhsil haqqının artımına yol verilməyəcəyi də nazirliyin məlumatında qeyd olunub.
 
“Təfəkkür” Universiteti özəl ali təhsil müəssisəsi idi.
 
Universitet Nazirlər Kabinetinin 1995-ci il sentyabrın 11-də verdiyi qərar ilə dövlət qeydiyyatına alınmışdı. (azadlıqradiosu) /

Google+ WhatsApp ok.ru