Təhsil İdarəsi: Bakıdakı məktəblərdə ilk dərslər 20 Yanvara həsr ediləcək 17 Yanvar 2017 02:00 Elm, Təhsil Şagird və müəllim kollektivlərinin Şəhidlər xiyabanına ziyarəti də təşkil olunur Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində yanvarın 19-da ilk dərslər 20 Yanvar–Ümumxalq Hüzn Gününə həsr ediləcək. İdarədən “Report”a verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarovun əmri ilə təsdiqlənən “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na əsasən tədris olunacaq dərslər şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi və həqiqi vətənpərvərlik məzmununun onlara düzgün anladılması məqsədlərinə xidmət edir. Dərslərdə ilk olaraq Azərbaycan xalqının azadlığı uğrunda canlarını qurban vermiş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Dərsləri tədris edən müəllimlər Sovet imperiyasının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşiliklərdən və bu hadisələrin insanlığa qarşı yönəlmiş ən ağır cinayət olmasından söz açacaqlar. Eləcə də 20 Yanvar hadisələrinin acı nəticələrindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən söhbət açılacaq, məktəblilər xalqımızın şərəf salnaməsi olan bu şanlı tarixi unutmamağa səslənəcək. Həmçinin, 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ərəfəsində paytaxt məktəblərinin şagird və müəllim kollektivlərinin Şəhidlər xiyabanına ziyarəti də təşkil olunur. / Teqlər : #Təhsil İdarəsi: Bakıdakı məktəblərdə ilk dərslər 20 Yanvara həsr ediləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Təfəkkür` Universiteti qapadıldı Təhsil Nazirliyi: Qafqaz Universitetinin tələbələri digər ali məktəblərə yerləşdiriləcək