Təhlükəsizlik kəmərinə görə cərimələnən sərnişinlər çoxaldı

Təhlükəsizlik kəmərinə görə cərimələnən sərnişinlər çoxaldı

“Yanvar ayının 1-dən fevral ayının 24-nə qədər 93752 inzibati protokol tərtib edilib. Bunlardan 23840-i piyadalara, 69912-si isə sürücülərə tərtib edilib”.
 
Bu sözləri Modern.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib:
 
“Sürücülərə daha çox bu qayda pozuntularına görə cərimə yazılıb: sərxoş halda avtomobil idarə edənlər 1987, tabe olmayan 339, işıqforun qırmızı işığından keçən 3979, sərnişin daşıma qaydalarının pozulması ilə bağlı 773, ötmə, manevretmə və yolayrıcının keçirilməsi qaydalarına görə təxminən 16000 və sair. Bu müddət ərzində 21 avtoxuliqan saxlanılıb. Təhlükəsizlik kəmərindən istifadə etməməyə görə, son 10 gün ərzində 700-dən artıq protokol yazılıb. Sürücülərin təhlükəsizlik kəmərindən istifadəsində artım müşahidə edilir. Sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməməsinə görə yazılmış protokolların sayı artıq 370-ə çatıb. Sərnişinlərin təhlükəsizlik kəmərindən istifadəsi çox azdır”.
 
Vaqif Əsədov bildirib ki, sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməsi ilə bağlı mediada maarifləndirmə işləri aparılır.
 
“ Biz inzibati tənbeh yollarının seçilməsindən çox maariflənməyə üstünlük veririk. Son bir həftə ərzində KİV-lərin köməyi ilə təbliğat işləri apardıq. Sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməməsi ilə bağlı 370 cərimə yazılıbsa, bilmək lazımdır ki, 370 sürücüyə və sərnişinə də xəbərdarlıq edilib. Sürücülərə və sərnişinlərə təhlükəsizlik kəmərindən istifadənin vacibliyi izah edilib. Hazırkı qanunvericiliyin tələblərinə görə, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə 30 manat məbləğində cərimə yazılır.
 
12 yaşınadək olan azyaşlı uşaqların avtomobilin ön oturacağında xüsusi oturacaqsız və qucaqda aparılmasına görə, 3 cərimə balı və 60 manat cərimə edilməsi qanunla tənzimlənir. Təxminən 100-ə yaxın sürücü avtomobilin ön oturacağında 12 yaşadək uşaqların xüsusi oturacaqsız və qucaqda aparıldığına görə inzibati qaydada məsuliyyətə cəlb edilib. Hər bir sürücü həm özünün, həm də daşıdığı sərnişinlərin təhlükəsizliyini təmin etməyi bacarmalıdır, ona görə yox ki, inzibati tənbeh, cərimə nəzərdə tutulur”. /

Google+ WhatsApp ok.ru