Təhsil müəssisələrində pozuntular

Təhsil müəssisələrində pozuntular

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2015-2016-cı tədris ilinə aid qanun pozuntuları ilə bağlı məlumat yayıb. Orada bir sıra qanun pozuntularından bəhs edilir.
 
İdarədən bildiriblər ki, Bakı şəhəri 22 nömrəli tam orta məktəbin direktor müavini Cavad Səfərov direktor səlahiyyətlərini müvəqqəti icra edərkən qanunsuz olaraq 15 nəfər şagirddən ibarət ödənişli məktəbəhazırlıq qrupu yaradıb. Ancaq həmin məktəb Təhsil Nazirliyinin ödənişli məktəbəhazırlıq qruplarının təşkil olunduğu ümumtəhsil məktəblərinin siyahısına daxil olmayıb.
 
Xəbərdə qeyd edilir ki, valideynlərin ödədikləri 3960 manat vəsaitin dövlət büdcəsinə keçirilməsi də təmin edilməyib.
 
İdarə bildirir ki, C.Səfərov valideynləri 6 yaşı tamam olmayan uşaqlarının bu kursu bitirdikdən sonra müsabiqəsiz 1-ci sinfə qəbul olunacaqları ilə aldadıb.
 
İdarə C.Səfərovla bağlanılmış əmək müqaviləsinin ləğv edildiyini, onun əməllərinə hüquqi qiymət verilməsindən ötrü prokurorluğa müraciət edildiyini bildirir.
 
İdarənin məlumatında Şəmkir, Kürdəmir, Quba rayonlarındakı orta məktəblərdə pozuntulardan da bəhs edilir. Həmin pozuntular daha çox müəllimlərin vəzifələrinə laqeyd yanaşması, onlara töhmət verilməsi ilə bağlıdır.
 
İdarənin ittiham etdiyi keçmiş direktor müavini Cavad Səfərovun və ya vəkilinin bu məsələlərə münasibətini, hələlik, öyrənmək mümkün olmayıb. (apa) /

Google+ WhatsApp ok.ru