Təhlükəli virusdan necə qorunmaq olar?

Təhlükəli virusdan necə qorunmaq olar?

“Hüquqi İnkişaf və Demokratiya” Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “STOP Hepatit!” devizi ilə həyata keçirilən layihəyə start verib. İyun ayından etibarən reallaşdırılan layihə əhalinin sağlamlığının qorunması üçün viruslu hepatitlər əleyhinə maarifləndirmə tədbirlərinin keçirilməsini nəzərdə tutur.
 
Layihə Bakı şəhərində qadınlar arasında viruslu hepatitlərin yaratdığı həyati təhlükələr, bu viruslara yoluxma yollarına dair maarifləndirmə tədbirlərinin həyata keçirilməsinə, hepatitlərin profilaktikasında ictimai savadlılıq səviyyəsinin yüksəldilməsinə həsr olunub.
 
Layihənin rəhbəri Fəxriyyə Abdullayevanın bildirdiyinə görə, əhalinin sağlamlığının qorunması üçün viruslu hepatitlər əleyhinə maarifləndirmə tədbirlərinin keçirilməsini zəruri edən səbəblər çoxdur: “Amma ən əsası odur ki, hazırda hepatitlər ən yüksək yoluxma səviyyəsinə malik viruslardandır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata əsasən, hazırda bütün dünyada hepatitlərə yoluxanların sayı 3 milyarda yaxındır. Bütün infeksion xəstəliklər arasında hepatitlər yayılmasına görə 3-cü yeri tutur. Dünyada hər 12 nəfərdən biri hepatitə yoluxub. Bu viruslara yoluxan insanlarda əksər hallarda qaraciyər sirrozu və qaraciyər xərçəngi yaranır. ÜST-in proqnozuna əsasən, yaxın 10-20 ildə hepatitlər üzündən qaraciyər sirrozu 60 faiz, qaraciyər xərçəngi 68 faiz, qaraciyər mənşəli digər xəstəliklərdən ölüm halları isə 2 dəfə artacaq”.
 
Fəxriyyə Abdullayeva deyir ki, viruslu hepatitlərdən qorunmaq üçün profilaktik tədbirlərə – maarifləndirməyə sərf edilən vəsait müalicəyə xərclənən vəsaitdən qat-qat ucuzdur. Eyni zamanda profilaktik tədbirlərlə həm virusun yayılmasının qarşısını almaq mümkündür, həm də insanları vaxtında müalicəyə yönəltmək olar: “Azərbaycan hökumətinin 2014-cü ilin iyun ayından etibarən tətbiq etdiyi proqrama əsasən, ölkəmizdə hepatitli insanların müalicəsi pulsuz, dövlət hesabına həyata keçirilir. Hepatit B və C virusları əleyhinə dövlət səviyyəsində aparılan mübarizənin tərkib hissəsi olan müalicə və diaqnostika işlərinin ictimaiyyət arasında təbliğinə ehtiyac var”.
 
Layihə rəhbəri əlavə edir ki, viruslu hepatitlərlə yoluxma təhlükəsi qarşısında olan əhali qrupu – hamilə qadınlar hazırda ən çox diqqətdə saxlanılan qrupdur. Çünki viruslu hepatitlər həm hamilə qadınların özünü, həm onun bətnindəki körpənin həyatını, sağlamlığını çox ciddi şəkildə təhdid etməkdədir: “Ona görə də həyata keçirəcəyimiz layihənin məqsədi əhalinin sağlamlığının qorunması istiqamətində dövlətin apardığı siyasətə ictimai dəstək vermək, hamilə qadınların viruslu hepatitlərə yoluxma hallarının qarşısının alınmasına yardım etmək, əhali arasında maarifləndirmə və ictimai səyi səfərbər etməkdir”.
 
Qeyd edək ki, layihə Bakı şəhərini əhatə edəcək.
 
Dörd ay davam edəcək layihənin icrasına dair ictimaiyyətə əlavə məlumat veriləcək. /

Google+ WhatsApp ok.ru