Tələbələrin sevincinə zəhər qatan kirayə ev problemi...

Tələbələrin sevincinə zəhər qatan kirayə ev problemi...

Kamran Əsədov: “Bakıda kirayə evlərin qiyməti rayonlarda yaşayan insanların büdcəsinə uyğun deyil”
 
Songünlər mənzil bazarında canlanma yaşanır. Bu, yeni dərs ilinin başlamasına artıq bir aya yaxın bir vaxtın qalması ilə əlaqədardır. Xüsusən də rayonlarda yaşayıb tələbə adını qazanan və sevinən gəncləri indi də paytaxta gəlib ev axtarmaq, yaşamaq qayğısı bürüyüb. Dərs ilinin başlamasına bir ay qalsa da bir sıra tələbələr, valideynlər artıq indidən ev axtarışına çıxıblar.
 
Onlar ucuz və paytaxta yenicə gəlmiş uşaqlarını əmanət edə biləcək güvənli ev axtarışındadırlar. Biz də kirayə mənzillərin qiyməti ilə maraqlanmaq üçün “Neftçilər” metro stansiyası yaxınlığında “maklerlər bağı” kimi tanınan məkana gedib evlərin qiyməti ilə maraqlandıq. Dərs ilinə 1 ay qalsa da artıq evlərin çoxu tutulub. Evlərin kirayə qiymətləri müxtəlif idi. Hətta ev qıtlığı yaşandığı da deyilirdi. Buna səbəb isə köhnə 2 mərtəbəli evlərin sökülməsi və orada yaşayanların bina evlərində kirayə yerləşdirilməsi ilə bağlı olduğu bildirilirdi. Tələbə üçün kirayə mənzillərə gəlincə isə 100 manata da ev tapmaq olar. Amma bu cür evdə qalmaq tələbə üçün heç də əlverişli deyil. Nəmişlik, soyuq otaq və ailə içi... İradə adlı qadın öz evini kirayə 100 manata verdiyini deyirdi: “5 otaqlı evim var. Mən 1 nəfər tələbə qız axtarıram. Ailə içində yaşayacaq. Kommunal mənə aiddir. Evdə qışda qaz peçi yandırırıq, isti olur”.
Makler İnsaf Quliyev isə 2 mərtəbəli binalarda iki otaqlı mənzilin 220-250 manata verildiyini dedi: “Köhnə 2 mərtəbəli binadır. 2 otaqlı əşyalı mənzildir. Təmirli deyil. Qiyməti 250 manatdır. Evdə istilik sistemləri var. Yəni qışda problem olmayacaq. Təzə binalarda isə evlərin qiyməti 300 manatdan başlayır. Bu cür evlər olduqca rahat olsa da, tələbələr belə evləri tutmur. Çünki oranın kommunalı evin aylıq xərcini gətirib 400 manata qədər çıxarır ki, bu da tələbəyə sərf etmir”.
 
Maklerlər evlərin qiymətinin sentyabrın əvvəllərində daha da bahalaşacağını deyirlər. İndi tələbat o qədər də çox deyil. Tələbələr daha çox sentyabrın 1-dən ev axtarmağa başlayır. Ona görə də maklerlər qiymətlərin həmin ərəfədə bahalaşacağını deyirlər. Göründüyü kimi, ev sahibəsi ilə birgə qalanda evin qiyməti nisbətən münasib olur. Ancaq təbii ki, ailə içi olduqda sizin ailənn xarakterinə öyrəşməyiniz, ev sahibəsinin kaprizlərini götürəcək qədər səbirli olmanız lazımdır. Ancaq ayrı qalmaq istəsəniz qiymət dəyişir. Ev problemi ilə ən çox oğlanlar rastlaşır. Maklerlə söhbətimiz zamanı məlum oldu ki, ev sahibləri daha çox tələbə qızlara ev vermək istəyir. Oğlanlara evini vermək istəyənlər olduqca azdır. Bunun səbəbini isə mentalitet, oğlanların evi səliqəsiz saxlamaları ilə əlaqələndirirlər...
 
“Maklerlər bağın”da olarkən Aygün Şirinova adlı qadın iki qızı üçün ev axtardığını dedi: “Qızımın biri 3-cü kursa keçdi. Bir qızım isə bu il qəbul olub. Qızımın qəbul olunmasına sevinsək də ikisini birdən oxutmaq qayğısı bizi bürüyüb. Qızım ötən il sahibəli evdə qaldı. Ancaq ev sahibəsi yaxşı deyildi. Uşaqlara çimməyə imkan vermirdi. Həftədə bir dəfə icazə verirdi. Hamam ümumi idi. Qızım heç saçını belə yuya bilmirdi. Ev sahibi hamamın qapısını bağlayıb işə gedirdi. Bu cür də insafsızlıq olmaz. İndi 1 otaqlı ev tutacam, iki bacı qalsınlar”.
 
Bu il Xarici Dillər Universitetinə qəbul olan və kirayə ev axtaran Murad Əliyev isə ucuz mənzil aradığını dedi: “250-300 manatlıq evlər mənə sərf etmir. Mən Qubadan gəlmişəm. Evdə işləyən yalnız atamdır. O da 300 manat maaş alır. Burada tək ev tutmaqla iş bitmir. Dəftər qələm, kitab, yemək, yol pulu xərcləri də var. Çox çətindir. Mən həm ev, həm də iş axtarıram. Fikrim var ki, gündüz dərsə, axşamlar isə hansısa restoranda ofisiant işləyim ki, ailəmə güc düşməsin. Çox istərdim ki, tələbə yataqxanalarının sayı artsın. Hər universitetin 2-3 tələbə yataqxanası olsun. Rayondan gələn, imkansız tələbələri də kimsə düşünsün artıq”.
 
Maraqlıdır, tələbələrin mənzil problemi necə tənzimlənməlidir?
Təhsil eksperti Kamran Əsədov Bakıda kirayə evlərinin qiymətinin rayonlarda yaşayan insanların büdcəsinə uyğun olmadığını bildirdi: “Uzun illərdir ki, ali məktəbə qəbul olan tələbələrin bir çoxu regionlardan gəldiyi üçün ev problemi ilə üzləşirlər. Bakıda mənzillərin kirayə qiymətlərinin bahalaşması tələbələrin işini daha da çətinləşdirib. Sovetlər dövründə hər bir universitetin tələbə sayına uyğun yataqxanaları olduğuna görə belə problemlər yaşanmırdı. Lakin Azərbaycan müstəqillik əldə etdikdən sonra baş vermiş Azərbaycan - Ermənistan Dağlıq Qarabağ münaqişəsindən sonra ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində bir milyon məcburi köçkün məcburiyyət nəticəsində həmən yataqxanalarda yerləşdirildi və tələbələrin bundan sonra yerləşdirilməsində ciddi problemlər yaşandı. Rayondan gələn tələbələrin kirayə ev tutmağa imkanının olmadığını danmaq olmaz. Çünki Bakıda kirayə evlərin qiyməti rayonlarda yaşayan insanların büdcəsinə uyğun deyil. Bu sahədə ciddi problemlərdən biri də odur ki, kirayə verənlə ev sahibi arasında münasibətləri tənzimləyən qanun olsa da, müqavilələr bağlanmır. Kirayə müqavilələrinin bağlanmaması problemdir. Bu zaman həm vergidən yayınma halları baş verir, həm də tələbənin kirayə zamanı vəzifə və öhdəlikləri həll olmur. Hətta kirayə verənin də öhdəlikləri, vəzifələri var ki, bu ciddi boşluq kimi ortada qalıb”.
 
K.Əsədov Azərbaycanda universitetlərin tələbə yataqxanasının olmasına çox böyük ehtiyac olduğunu dedi: “Ali təhsil haqqında" qanun qəbul edilməli, daha sonra universitetlərin hər birinin qarşısına yataqxana məsələsini öhdəlik kimi qoymaq lazımdır. Hazırda Xəzər Universitetinin, Memarlıq və İnşaat Universitetinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbə yataqxanaları olsa da, onlar çox cüzi sayda tələbənin bu problemini həll edə bilir. Tələbələrin kirayə evlərdə yaşaması onların təhlükəsizlik məsələsini də ciddi sual altına alır. Onlar uzaq məsafələrdən təhsil aldıqları məkana gəldikləri üçün istər yolda istərsə də yaşadıqları məkanda hər an ciddi problemlərlə üzləşə bilirlər. Bu məsələnin yeganə çıxış yolu tələbə yataqxanalarının istifadəyə verilməsidir". (musavat) /

Google+ WhatsApp ok.ru