Ötən il qızılca ən çox Ukraynada yayılıb

Ötən il qızılca ən çox Ukraynada yayılıb

2018-ci ildə qızılca xəstəliyi ən çox Ukraynada yayılıb. BMT-nin uşaqlar üzrə agentliyi bunun qismən peyvəndlərə qarşı hərəkatın nəticəsi olduğunu deyir.

UNICEF-in martın 1-də yaydığı hesabata görə, Ukraynada qızılca “həyəcanlı şəkildə yüksək” səviyyədə yayılıb. Qurum buna görə “vaksinlərlə bağlı artan tərəddüd”ü suçlayır, bu tendensiyanın “yüksək səviyyədə önlənə bilən, amma potensial ölümcül xəstəliyi” nəzarəti almaqdan ötrü on illərdir aparılan işə təhdid yaratdığını vurğulayır.

Dünyanın səhiyyə rəsmiləri sosial mediada və başqa yerlərdə yayılan “antipeyvənd” hərəkatından narahatdırlar. Bu hərəkat bəzi valideynlərdə vaksinasiyanın ziyanlı olması sarıdan qorxu yaradıb.

“Bu qızılca hallarının, demək olar, hamısının qarşısını almaq mümkündür, amma uşaqlar yenə də sadəcə heç bir bəhanənin olmadığı yerlərdə yoluxurlar”, – UNICEF-in icraçı direktoru Henrietta H. Foredeyib.

“Qızılca xəstəlik ola bilər, ancaq bir çox hallarda əsl infeksiya dezinformasiya, inamsızlıq, laqeydlikdən yaranır. Valideynləri bizim hər bir uşağı təhlükəsizlik peyvənd etməyimizə yardım göstərməsi üçün daha çox maarifləndirməliyik”, – o vurğulayıb.


UNICEF Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən bildirir ki, ötən il Ukraynada 35 min 120 qızılca halı qeydə alınıb. 2017-ci ildə bu göstərici 5 min idi.

Ukrayna hökuməti bu ilin ilk iki ayı ərzində 24 min 42 nəfərin yoluxduğunu bildirir.

Xəstəlik ən çox ölkənin qərbindəki Lvov regionunda tüğyan edir, “burada immunlaşdırmaya mənfi münasibət, daha öncə peyvənd çatışmazlığı vaksinasiya göstəricilərinin aşağı olmasıyla nəticələnib”.

UNICEF bildirir ki, Ukrayna boyunca immunlaşdırmaya dəstəyi sürətləndirib, “peyvənd tərəddüdü” ilə mübarizə aparılır.

2017-ci ildən bu ölkədə qızılcadan 30 nəfərin dünyasını dəyişdiyi bildirilir. /azadliq.org/

Google+ WhatsApp ok.ru