Təhsili neqativlərdən xilas etmək  ‘respetlər’i

Təhsili neqativlərdən xilas etmək ‘respetlər’i

"Yeni Sabah.az"da "Azərbaycan təhsilini neqativlikdən necə xilas etmək olar? - təkliflər" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif təhsil sistemini neqativlərdən xilas etmək üçün Bakı Mühəndislik Universitetinin (BMİ) elmi işlər üzrə prorektoru Elçin Süleymanovla söhbətləşir.
 
Müəllifin sözlərinə görə, son günlər tez-tez orta məktəblərdə baş verən intihar, dərsdən qaçmalar zamanı zədə almalar, müəllim-şagird münasibətlərində kobudluq və s. sosial şəbəkələrin köməyi ilə tez bir zamanda cəmiyyətə yayılır: "Tövsiyəm odur ki, Təhsil Nazirliyi ilə yanaşı, ictimaiyyət və ekspertlər də təhsil ilə bağlı müxtəlif təklif və ya təcrübələri müzakirəyə çıxarmalı, müsbət olanlarının həyata vəsiqə qazanmasına kömək etməlidirlər". BMİ prorektoru E.Süleymanov bunu "Yeni Sabah"a açıqlamasında bildirir.
 
E.Süleymanova görə, tədris prosesi formalaşdırılarkən yeni nəslin xüsusiyyətləri və texnoloji inkişaf mütləq diqqətə alınmalıdır və bu istiqamətdə inkişaf etmiş xarici ölkələrdə müşahidə etdiyi bəzi nüansları müzakirəyə təqdim edir.
 
Prorektor deyir ki, xarici ölkələrdə orta məktəblər 12 illik olmaqla, ibtidai (I-VI siniflər), əsas (VII-IX siniflər), orta (X-XII) məktəblərə bölünür və 3 ayrı məktəbdə keçirilən formaya ayrılır və bunun tətbiqini səmərəli sayır.
 
E.Süleymanovun sözlərinə görə, bu halda aşağı və yuxarı sinif şagirdləri üz-üzə gəlmir, aşağı sinif şagirdlərinin tapdalanması, şiddət və neqativ halları minimuma enir.
 
Prorektora görə, məktəbin birinin tamamən ibtidai məktəb (I-VI siniflər), birinin əsas məktəb (VII-IX siniflər), birinin də orta məktəb (X-XII siniflər) kimi yenidən formalaşdırılması büdcəyə əlavə yük gətirməz, bu cür formalaşma həm keyfiyyəti artırar, həm də nəzarəti asanlaşdırar.
 
E.Süleymanovun fikrincə, belə təşkil olunmuş təhsilin ikinci müsbət cəhəti hər mərhələ bitincə şagirdlərin göstəricilərinə görə növbəti məktəbə qeydiyyata alınmasıdır, belə ki, Amerikadakı kimi rəqabətlə bağlı göstəricinin formalaşması da müsbət olar: "Bunun bir başqa müsbət nüansı hazırda birinci sinifdə neqativ imic formalaşdıran bir məktəblinin bu imiclə eyni sinifdə 11 il oxumasının əksinə olaraq, hər mərhələdə yeni bir məktəb və sinifdə yoldaşlarının əhatəsində olmasının müsbət təsiri olmasıdır".
 
Prorektor həm də ikinci təklif olaraq bildirir ki, bu məktəblərin maliyyələşməsinin adambaşına və məktəbin formalaşdırdığı göstəricilərə görə olmasıdır.
 
E.Süleymanovun iddiasına görə, bu maliyyləşdirmə metodu da məktəblər arasında rəqabətə və nəhayət inkişafa səbəb ola bilər.

Google+ WhatsApp ok.ru