Əməl ilə əxlaqın qarşılıqlı əlaqəsi-3

Əməl ilə əxlaqın qarşılıqlı əlaqəsi-3

QURANİ-KƏRİMDƏ ƏXLAQ AYƏLƏRİ

Qurani-Kərimin ““Fatir” surəsinin ” surəsinin 8-ci ayəsində belə buyurulur:

أَفَمَن زُيِّنَ لَهُ سُوءُ عَمَلِهِ فَرَآهُ حَسَنًا

“Pis əməlləri onun üçün zinətlənmiş olan və onları gözəl görən bir kəs, həqiqəti görən mömin kimidirmi?”

Bu ayədə də pis əməllərin insanların gözündə bəzədilməsindən söz açılır.

Bu ayənin təfsirində qeyd etdiyimiz kimi, pis əməlləri bəzəyib gözəlləşdirən amillərdən biri də onu təkrar etmək, ona alışmaqdır. Beləcə, insan bu kimi əməllərə əhəmiyyət vermir, tədricən, ona alışır və onu sevməyə, yaxşı iş saymağa başlayır və onunla fəxr edir. Maraqlıdır ki, Quranda “Görəsən, pis əməlləri gözündə zinətlənmiş olan və onları gözəl görən bir kəs həqiqəti olduğu kimi görən mömin kimidirmi?”, – sualından sonra onun müqabil tərəfi təsvir edilmir. Sanki bu sükutla oxucuya onun qarşı tərəfində təsəvvür oluna biləcək müxtəlif variantlar haqqında düşünmək üçün fürsət yaradılır. Demək istəyir ki, belə bir şəxs doğrunu doğru və yanlışı yanlış görən bir insan kimidirmi? Belə bir şəxs həmişə nəfsini hesaba çəkən, pisliklərə vərdiş etməkdən uzaq duran pakqəlbli insan kimidirmi?

Bir məsələyə də diqqət etməliyik ki, bu ayənin davamında Peyğəmbəri-Əkrəmə (s) belə buyurulur:

فَإِنَّ اللَّهَ يُضِلُّ مَن يَشَاء وَيَهْدِي مَن يَشَاء فَلَا تَذْهَبْ نَفْسُكَ عَلَيْهِمْ حَسَرَاتٍ

“Şübhəsiz ki, Allah istədiyini zəlalətə, istədiyini də doğru yola salar. (Ya Peyğəmbər!) Artıq onlara (Məkkə müşriklərinin haqq yoldan azmalarına) görə özünü üzüb həlak etmə.”

Bu, əslində, pis və günah əməllər etməkdə cəsarətli olan insanların yaxasını tutacaq ilahi cəzadır. Onların belə bir sonluğu olmalıdır. “Fi zilalil-Quran” təfsirinin müəllifi yazır: Allah bir insanın (niyyət və əməllərinə görə) hidayət və xeyrini istəyərsə, onun qəlbində pis işlərə qarşı diqqət, həssaslıq və xüsusi hesab açar. Belə bir şəxs ilahi sınaq və ilahi cəzadan, həmçinin qəlbin ölməsindən, xətadan, büdrəyişdən, nöqsandan və acizlikdən amanda olmadığını dərk edər. Buna görə də daim özünü hesaba çəkər, daim şeytandan ehtiyatlı olar, həmişə ilahi yardımların intizarında olar. Bura hidayətlə zəlalətin, uğurla həlakətin ayrıldığı yerdir. (“Fi-Zilalil-Quran” təfsiri, c.6, səh.675.)

İmam Kazimin (ə) (ya da İmam Rzanın (ə)) səhabələrindən biri belə nəql edir: “Həzrətdən soruşdum: “İnsanın əməlini batil edən ücb (özünübəyənmə) və xüdbinlik nədir?” İmam (ə) buyurdu: “Ücb və özünübəyənmənin dərəcələri var. Onlardan biri budur ki, insanın gözündə onun pis əməlləri zinətləndirilir, onu yaxşı görür, qurşandığı günah özünə xoş gəlir və güman edir ki, yaxşı işlər görmüşdür.” (“Nurus-Səqəleyn” təfsiri, c. 4, səh. 351, hədis 30; “Quranda əxlaq” kitabından iqtibas edilmişdir, Ayətullah Məkarim Şirazi, səh.181-183.)

Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru