Taekvondo yığmamız Dünya Kubokunu Bakıya gətirir

Meksikanın paytaxtı Mexikoda keçirilən taekvondo üzrə komandalararası Dünya kuboku başa çatıb. Kişilərdən ibarət Azərbaycan millisi yarışın qalibi adını qazanıb.
 
Məhəmməd Məmmədov (58 kq), Sina Bahrami (63 kq), Ayxan Tağızadə (68 kq), Səid Quliyev (74 kq) və Milad Beigi Harçeqani (80 kq) və Radik İsayevdən (+80 kq) ibarət yığmamız qrup mərhələsində İrana 22:31 hesabı ilə məğlub olsa da, Belçikanı 57:31, Özbəkistanı 31:11 hesabı ilə məğlub edərək, qrup qalibi kimi yarımfinala vəsiqə qazanıb.
 
Reza Mehmandostun komandası finala gedən yolda Cənubi Koreya ilə üz-üzə gəlib. Bu dəfə rəqibini 48:30 hesabı ilə məğlub edən yığmamız Dünya Kuboku üçün dünyanın ən güclülərindən sayılan İran taekvondoçuları ilə qarşılaşıb. Millimiz ilkin mərhələdən fərqli, bu dəfə rəqibinə heç bir şans verməyib. Onlar cənub qonşularımızı 42:23 hesabı ilə məğlub etməklə, həm revanş alıblar, həm də dünya kubokuna sahib çıxıblar.
 
Yarışda Cənubi Koreya və Rusiya komandaları 3-cü yeri tutublar.
 
Qadınların yarışında isə kuboka Çin sahib olub. Onlar həlledici görüşdə ev sahiblərini məğlub ediblər. Cənubi Koreya və Çin Taypeyi 3-cü olub.

Google+ WhatsApp ok.ru