Taksilərə vahid tarif kimə sərfəlidir?

Taksilərə vahid tarif kimə sərfəlidir?

Taksilərə vahid tarif. Bakı Nəqliyyat Agentliyi belə vahid tarifin tətbiq olunması ilə bağlı Nazirlər Kabinetinə və İqtisadiyyat Nazirliyinə artıq müraciət edib.
 
BNA rəhbəri deyib ki, "Biz İqtisadiyyat Nazirliyinə, Nazirlər Kabinetinə müraciət etmişik ki, Bakıda fəaliyyət göstərən bütün taksilərdə vahid tariflər tətbiq olunsun: gecə tarifi ayrı, gün boyu tarif ayrı. Başqa sözlə, bilinsin ki, 10 kilometrədək taksi filan qiymətə aparacaq".
 
Hazırda Bakıda taksi qiymətləri çox fərqlidir. Bir tərəfdən baxanda, vahid tarif sərnişinə sərfəli deyilmi? Ancaq o da var ki,vahid tarif olsa, sərnişin daha ucuz taksi tapa biləcəkmi? Bəs taksi şirkətləri? Vahid tarif onlara sərfəlidirmi?
 
Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyir ki, taksilərin vahid tariflə fəaliyyət göstərməsi gələcəyə hesablanmış ideyadır. Onun sözlərinə görə hazırda taksi fəaliyyətində ciddi pərakəndəlik hökm sürür. Ərşad Hüseynovun fikrincə taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin əksəriyyəti qanunda nəzərdə tutulan standartlara və texniki göstəricilərə cavab vermir.
 
Ekspert deyir ki, bu problemlər həll olunduqdan sonra vahid tariflər tətbiq oluna bilər. Ərşad Hüseynov deyir ki, dünyanın hər yerində taksilərdə taksometr deyilən qurğular mövcuddur ki, müştərinin getdiyi yerdə qiymətiavtomatik göstərir. Onun sözlərinə görə həmin qurğu bütün taksilərdə tətbiq olunsa heç vahid tarifə ehtiyac qalmayacaq.
 
 
Nəqliyyat məsələləri üzrə ekspert Məzahir Rüstəmov bildirir ki, bu geniş müzakirə olunmalı mövzudur. Onun sözlərinə görə hazırda 15-20 şirkət var ki fərqli qiymətlərlə taksi xidməti göstərir. Ekspert bildirir ki, vahid tarif tətbiqi həmin şirkətlər arasında rəqabət mühitini məhv edə bilər.
 
Məzahir Rüstəmov qeyd edir ki, ola bilsin ki bu ideya işləməkdə çətinlik çəkən “London taksiləri” kimi böyük şirkətləri vəziyyətdən xilas etmək üçündür. Ekspert bildirir ki, həmin şirkətlərdən fərqli olaraq digər taksi xidmətlərinin qiyməti ucuzdur. Məzahir Rüstəmov deyir ki, əgər bu ideya rəqabət mühitini aradan çıxaracaqsa bu monopoliyaya xidmət edəcək.
 
 
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev vahid tarif sisteminin taksi bazarında rəqabət mühitinin aradan qaldıracağı fikri ilə razılaşmır. Onun sözlərinə görə hökumətə verilən təkliflərin detalları açıqlananda hər kəs biləcək ki, vahid tariflər tətbiq olunacağı təqdirdə bundan həm sərnişinlər, həm də taksi şirkətləri yararlanacaq.
 
Mais Ağayev deyir ki, əslində məqsəd taksi şirkətləri arasında sağlam rəqabət mühiti yaratmaqdan ibarətdir. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri bildirir ki, bu gün taksi şirkətləri yalnız qiymət məsələsində rəqabət aparır. Mais Ağayevin sözlərinə görə bu sistemin tətbiqi isə taksi şirkətləri arasında keyfiyyət məsələsində rəqabət yaradacaq. Eyni zamanda vahid tarif taksilərin və bu xidmətlə məşğul olan şirkətlərin süni qiymət artımlarının qarşısını alacaq.
 

Google+ WhatsApp ok.ru