Taksilərin dayanacaq problemi: hansı işlər görülür?

Taksilərin dayanacaq problemi: hansı işlər görülür?

Bakıda taksi sürücüləri üçün dayanma-durma yeri problemi uzun illərdir ki, həll edilmir. Yer olmadığı üçün taksi sürücüləri avtobus marşrutlarının yerində saxlayır, avtobuslar isə dayanacağa girə bilmədikləri üçün küçənin ortasında adam düşürüb-götürürlər. Nəticədə qəza baş verir, faciə yaşanır...
 
Son zamanlar avtomobil qəzaları, maşın vurma hadisələrini araşdırdıqda görmək olur ki, hadisələrin bir çoxu dayanma-durma qaydasının pozulması səbəbindən baş verir. Bakının bir çox küçələrində yer olmadığı üçün taksilər hətta səkilərdə dayanırlar. Nəticədə piyadaların da gəliş-gedişinə maneə yaranır. Xüsusilə də yağışlı havalarda piyadalar ikiqat əziyyət çəkirlər. Yolun hərəkət hissəsi ilə gedən piyadaların üst-başı avtomobillərin təkərindən çıxan palçıq, çirkli su ilə bulanır. Bu mənzərələri hər kəs görüb və sosial şəbəkələrdə də məsələ ilə bağlı çoxsaylı videolar, şikayətlər paylaşılır.
 
“Yeni Müsavat”a danışan taksi sürücüsü Əhməd Məmmədov bildirib ki, taksi duracağının yaradılması ilə bağlı hələ 2017-ci ildən söhbət getsə də, bu günə qədər problem öz həllini tapmayıb: “Əslində ”Neftçilər" metrosunun yaxınlığında taksi duracağı mövcud idi. 2017-ci ildə gecə ilə gəlib, həmin duracağı kəsib apardılar. O zaman ərazidə dayanan taksiləri 50 manat cərimələdilər. Bizə dedilər ki, burada müasir duracaq yaradılacaq. Lakin bu günə qədər heç bir duracaq yaradılmayıb".
 
Taksi sürücüsü Vüqar Hacızadə bildirdi ki, taksilərlə bağlı birmənalı münasibət mövcud deyil: “Gözlə də görünür ki, Bakıda taksilərin sayı duracaqların sayı ilə müqayisədə həddindən artıq çoxdur. Yeni duracaqlar yaradılmır. Əksinə, ötən illər ərzində olan duracaqlarla bağı nişanların bir hissəsi götürülüb. Bəzi yerlər var ki, orada da taksilərə qarşı fərqli münasibət göstərirlər. Məsələn, ”Park bulvar" Ticarət Mərkəzinin qarşısında yalnız “London taksiləri”nin dayanmasına icazə verilir. Digər taksi sürücüləri orada avtomobil saxlaya bilməzlər. Halbuki ərazidə qanuni formada taksi dayanacağı mövcuddur. Dərhal müvafiq qurumun əməkdaşları avtomobili götürməyimizlə bağlı göstəriş verirlər. Lisenziyamız var, vergimizi ödəyirik. Ancaq bu kimi dayanacaqlarda dayana bilmirik. Bəzi yerlər var ki, orada nə dayanmanı göstərən, nə də qadağan edən işarə mövcud deyil. Həmin yerlərdə də “London taksisi”nə icazə verilir, bizə isə icazə verilmir. İcazə yoxdursa, bu, hər kəsə şamil edilməlidir. Nəinki taksi, ümumiyyətlə, Bakıda dayanacaq problemi mövcuddur. Maşın sayı çoxdur, dayanacaq yoxdur".
 
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Yeni Müsavat”a bildirib ki, taksi duracaqlarının yaradılması ilə bağlı iş gedir:
 
“Taksi duracaqları ilə bağlı proses davam etməkdədir. Müvafiq infrastrukturun yaradılması məqsədilə 250-yə yaxın yeni taksi duracaq yeri təyin edilib, bunlardan 21 yer xətlənib, 1 yerdə isə pilot layihə olaraq ”cib" tipli taksi duracaq yeri tikilib".
 
M.Ağayev bildirib ki, ən çox şikayətlər edilən “Koroğlu” metro stansiyasının qarşısındakı nəqliyyat şəraiti uzun illərdir ki, nizamsız dağınız vəziyyətdədir: “Ötən dövrdə nəqliyyat şəraitinin yaxşılaşdırılması məqsədilə metronun ”Koroğlu" stansiyasının ətrafında bir sıra layihələr icra edilib. Ən mühüm olanı Nəqliyyat Mübadilə Mərkəzinin yaradılması oldu. Nəticədə axşam və səhər pik saatlarında avtobusların metro ətrafında xaotik hərəkəti aradan qaldırıldı. Bundan sonra hava limanı istiqamətində metronun çıxışında səki boyunca dəmir məhəccərlər düzüldü. Bunu etməkdə məqsəd piyadaların təhlükəli halda yolun qarşı tərəfə keçməsinin qarşısını almaq idi. hazırda şəhər mərkəzi istiqamətində infrastruktur işləri aparılır. Burada xüsusən də səhər pik saatlarında ətraf kənd və qəsəbələrdən gələn minik avtomobillərinin sərnişin mindirib düşürməsi, dayanıb taksi xidməti göstərilməsi və avtobusların NMM-ə rahat daxil ola bilməsi üçün kanallaşdırılmış zolaqlar yaradılır".

Google+ WhatsApp ok.ru