Taksi çoxluğu- sosial durumun pis olması göstəricisi

Taksi çoxluğu- sosial durumun pis olması göstəricisi

-- `Taksi işi` Bakıda olduğundan daha pis ola bilməz`

"Exo" qəzetində "Taksi işi" Bakıda olduğundan daha pis ola bilməz" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif deyir ki, Bakı əhalisinin məşğulluğu ilə bağlı vəziyyət təhlil edilsə son 5 ildə ölkədə taksi sürücülüyünün ən populyar peşə olduğu ortaya çıxar.
 
Yazı müəllifi vurğulayır ki, özəl daşımalara işini itirənlər, iş tapa bilməyənlər, əsas iş yerində az qazananlar üz tuturlar: "Buna görə də ölkədə və xüsusilə paytaxtda sərnişin daşımalarla məşğul olan özəl müəssisələrin çoxluğuna baxmayaraq, hələ yeniləri də yaradılır".
 
Müəllif isə ekspertlərə istinadən deyir ki, çoxsaylı taksi fəaliyyəti ölkədə sosial-iqtisadi durumun yaxşı olmamasının göstəricisidir, yəni, taksi sayının artması ölkədə maddi rifah səviyyəsinin azalmasının indikatorudur.
 
Müəllif bildirir ki, kəmiyyət sayı heç də keyfiyyət göstəricisi deyil, bu mənada "taksi xidməti keyfiyyəti"nin hər iki ayağı axsaqdır".
 
"Sürücü təhsilinə dəstək" cəmiyyətinin sədri Fazil Məmmədov isə deyir ki, ölkədə taksi işi bərbad dərəcədə pis vəziyyətdədir: "Həddən artıq taksi çoxluğu əhalinin ağır sosial durumda olması deməkdir. İnsanlar işini itirib, maşını var, ondan pul qazanmaq üçün istifadə edir. Elələri də var ki, işi var, amma ona əlavə qazanc da əldə etmək lazım gəlir. Ona görə də çoxları hansı avtomobilə, neçə illik sürücülük stajına malik olmasına baxmayaraq, taksi sürücülüyü edir".
 
F.Məmmədov vurğulayır ki, taksi nəqliyyat olaraq yüksək təhlükəlilik vasitəsidir, taksi sürücüsü lisenziyaya malik olmaqla yanaşı, həm də öz işində peşəkar olmalıdır, amma Azərbaycanda belə deyil.
 
Taksi sürücülərinin "qiymət özbaşınalığı"ndan danışan F.Məmmədov deyir ki, aeroportdan sərnişini 11 manata da, 40 manata da gətirirlər, bunun olmaması üçün hər taksidə sayğac və taxoqraf olmalıdır.
 
F.Məmmədov taksi sürücülərinin çoxunun şəhəri tanımadığını, üstəlik ona ünvanı tapmağa kömək edə biləcək "naviqator bələdçi"yə malik olmadıqlarını, bu sahədə özbaşınalığın hökm sürdüyünü bildirir.
 
Ekspertə görə, taksi xidməti sistemində ən çox şikayətlər turistlərdən gəlir və bu, qiymət bahalığı ilə bağlı olur, elə taksi srürcülərinin daha çox qazanmaq istəməsi tamahkarlığından yerli vətəndaşlar da əziyyət çəkirlər.
 
Ekspert Azər Allahverənov isə deyir ki, bir zamanlar "London taksi"lərindən həvəslə istifadə edən turistlər indi əsassız qiymət bahalığına görə onlardan eyni həvəslə də qaçırlar.
 
A.Allahverənov deyir ki, çox vaxt belə problemləri qeyri-leqal, yəni, bu və ya digər taksi xidməti balansında olmayan taksi sürücüləri yaradırlar. (contact.az)
 

 

Google+ WhatsApp ok.ru