Taksi sürücüləri aksiya keçirməyi planlaşdırırlar

Yol kənarına Nəqliyyat Nazirliyi tərəfindən qoyulan işarə yol polisləri tərəfindən qoparılıb, taksi sürücülərinə hər bəhanə ilə cərimə yazılır
 
Paytaxt Bakının Qara Qarayev prospektində, “Neftçilər” metrostansiyasının yaxınlığında dayanan sürücülər mayın 8-də musavat.com-a şikayət ediblər.
 
Onlar bildiriblər ki, 60 nəfərə yaxın taksi sürücüsünün yol kənarında dayanmasına imkan verilmir. Belə ki, taksi sürücüləri “Lady Sharm”, “X-Lady” və “Romantic” dükanlarının yerləşdiyi ərazidən qovulurlar. Bir müddət əvvəl Nəqliyyat Nazirliyi tərəfindən sözügedən əraziyə taksilər üçün icazə işarəsi qoyulsa da, həmin lövhə yol polisləri tərəfindən qoparılıb.
 
“Taksilərin fəaliyyətinə imkan vermirlər. Gah Avropa Oyunlarını bəhanə edirlər, gah başqa bir şeyi... Amma fakt odur ki, 60-a yaxın sürücü evinə çörəkpulu apara bilmir. Polis bizi ərazidən uzaqlaşdırır”, - deyə sürücülər bildirirlər.
 
“İşləməyimizə imkan vermirlər. Qanunda var ki, dayanacaqdan 15 metr kənarda taksilər dayana bilər. Ancaq biz heç 40 metr aralıda da dayana bilmirik. Dərhal gəlib, uzaqlaşdırırlar. Bizə deyirlər ki, ticarət obyektlərinin sahibi polisə pul verir ki, bizi burada dayanmağa qoymasın. Bizi oradan qovdurur”, - deyə narazı sürücülər vergi ödədikləri halda, dayanmağa yer olmamasından şikayətlənirlər.
 
“Bəs, biz nə edək? Evimdə xəstə var, hamı evinə çörək aparmaq istəyir”, - deyə sürücü Firdovsi Vəliyev vurğulayır.
 
“Pul verib “parkovkada” dayanırıq, orada da qoymurlar. Ağacların yanına göndəriblər, bizi... Meşəlikdən müştəri axtarmalıyıq? Buraya kim gəlib, taksiyə minər?”, - sürücü dayandığı yeri göstərib soruşur.
 
“Bir müddət əvvəl Nəqliyyat Nazirliyindən gəlib, dükanların yanına taksilər üçün “znak” qoymuşdular. Ancaq “QAİ” gəlib, dedi ki, bu işarəni qoyan nazirliyi saymır. Yəni işarəni qırıb, apardılar”, - deyə başqa bir narazı sürücü bildirir.
 
“Həmin yerdə dayandığımıza görə hər gün protokol, cərimə yazırlar. Mən haradan ödəyim? Amma biz vergi ödəyirik. Hara da şikayət edirik, xeyri yoxdur”, - sürücü Miryusif qeyd edir.
 
Sürücülər bildirirlər ki, burada 50-60 taksi sürücüsü çörək qazanır. Bir qanunsuz hərəkət onların həyatına təsir edir.
 
“Bizim aramızda kirayə qalan da, evində tələbəsi olan da var. Belə olmaz, axı... Yuxarıda duranların yəqin xəbəri yoxdur ki, hansısa obyektin yiyəsi burada bizi, taksi sürücülərini qovur, çörək qazanmağa qoymur”, - Samir İsmayıllı qeyd edir.
 
Sürücülər bildirirlər ki, aksiya keçirməyi planlaşdırırlar: “Prezident Adminstrasiyasının, Bakı şəhər Baş Polis İdarəsinin, Nizami Rayon Polis İdarəsinin qarşısında aksiya keçirməyi planlaşdırırıq. İndi polis idarəsində görüşüb, dərdimizi deyəcəyik. Nəticə olmasa, aksiyadan başqa çarəmiz qalmır. Dərdimizi bu yolla dövlət başçısına çatdıracağıq”.
 
Qeyd edək ki, iyirmiyə yaxın sürücü həmin gün Nizami Rayon Polis İdarəsinə də gedib.
 
Onlar bu barədə musavat.com-a məlumat verərək, bildiriblər ki, idarədə onları dinləyiblər və problemin həllinə yardım təklif ediblər: “Bizi qəbul etdilər. Baş verənlərdən xəbərsiz olduqlarını bildirdilər və dedilər ki, gedin səliqəli şəkildə dayanıb, işinizi görün. Biz də gedib, həmin yerdə durub, işimizi görəcəyik. Görək, necə olacaq? Məsələ bununla həll olunacaqmı?”  musavat /
 

Taksi sürücüləri aksiya keçirməyi planlaşdırırlar


Taksi sürücüləri aksiya keçirməyi planlaşdırırlar


Taksi sürücüləri aksiya keçirməyi planlaşdırırlar


Taksi sürücüləri aksiya keçirməyi planlaşdırırlar

 

Taksi sürücüləri aksiya keçirməyi planlaşdırırlar

 

 

Google+ WhatsApp ok.ru