Taksi xidmətlərində xaos yaşanır - Ekspert

Taksi xidmətlərində xaos yaşanır - Ekspert

Son zamanlar taksi şirkətlərində qiymət artımı müşahidə olunur. Qiymətlərin artmasına baxmayaraq, taksi kimi fəaliyyət göstərən avtomobillərin keyfiyyətində hər hansı bir müsbət dəyişiklik yoxdur.
 
Maide.Az xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, qiymətlərin tənzimlənməsi üçün ciddi nəzarət mexanizmi yaradılmalıdır.

“Bu gün fərqlənmə nişanı olmadan, heç bir standarta uyğun gəlməyən sınıq-salxaq maşınların taksi xidmətinə cəlb edilməsi, keçmişi məlum olmayan şəxslərin taksi sürücüsü kimi fəaliyyət göstərməsi, bundan başqa, sərnişinlərlə etik danışmayan, onlara istədiyi qiyməti təklif edən və hətta sərnişinləri qarət edən sürücülərin olduğu bir mühitdə yaşayırıq. Taksilərlə bağlı bu kimi problemlər uzun illərdir yaşanır. Vahid nəzarət mexanizmi olmadıqca bu problem davam edəcək. Hətta Baş nazir Novruz Məmmədov da bu yaxınlarda taksilərlə bağlı sənəd imzalayıb. Sənəddə taksilərin necə olmasıyla bağlı standartlar, taksi dayanacaqları və digər məsələlər öz əksini tapıb. Lakin biz bu gözəl cümlələri yalnız qanundan, təlimatlardan oxuyuruq. Bütün bunlar kağız üzərində qalır. Reallıqda isə tamam başqa mənzərənin şahidi oluruq”, - ekspert bildirib.

E.Muradlı bildirib ki, Azərbaycanda taksi şirkətləri son 10 ildə fəaliyyət göstərməyə başlayıb:
 
“Qiymətlərin son vaxtlar artmasına səbəb isə taksiyə olan tələbin çoxluğu ilə əlaqədardır. Əvvəllər taksi şirkətlərinin bir-birindən ucuz qiymət təklifi aralarında olan rəqabətlə əlaqəli idi. Onlar bir-birini sıxışdırırdılar ki, balaca şirkətlər sıradan çıxsın. Bu şirkətlərin bəzilər sıradan çıxdı, bəziləri isə rəqabətə tab gətirə bildi. İndi də onlar bu zərərdən çıxmaq üçün qiymətlərini qaldırırlar. Bu sahədə Tarif Şurasının müəyyən bir standartı olmalıdır. Məsələn, hər kilometrə görə taksi xidmətində qiymət müəyyənləşməli və taxoqraflar qurulmalıdır. Kimsə bu qiymətdən kənara çıxmamalı və özbaşına qiymət oxumamalıdır. Belə olan halda normal rəqabət və normal xidmət olacaq. Biz bu məsələnin həlli istiqamətində müəyyən təkliflər irəli sürürük. Hesab edirik ki, ciddi nəzarət mexanizmi olmasa, bu sahədə xaos yaranacaq”.

Ekspert bildirib ki, durmadan sayları artan bu taksi şirkətləri sürücüləri istismar etməyə başlayıb:

“Taksi şirkətləri sürücülərdən aylıq abunə kimi 20 manat istəyir. Həmçinin daha çox müştərinin onlara yönləndirilməsi üçün şirkət operatorları da sürücülərdən əlavə pul alır. Bu səbəbdən taksi xidməti təklif edən şirkətləri qaydaya salmaq lazımdır ki, özbaşına istədikləri qiyməti qoymasınlar və sürücüləri istismar etməsinlər”.

Google+ WhatsApp ok.ru