Tale Bağırzadə vicdan məhbusu kimi tanındı

Tale Bağırzadə vicdan məhbusu kimi tanındı

 
Hazırda həbsdə olan ilahiyyatçı Tale Bağırzadə Norveç təşkilatı tərəfindən vicdan məhbusu olaraq tanınıb. 
Maide.Az musavat.com-a istinadən məlumat verir ki, Norveçin dini azadlıqlara dəstək təşkilatı olan "Forum 18" Azərbaycanda dini azadlıqlar sahəsindəki vəziyyətlə bağlı araşdırma aparıb. 
Araşdırmanın nəticəsi olaraq, təşkilatın saytında "Daha bir vicdan məhbusu haqqında məhkəmə hökmü" başlıqlı məqalə yayımlanıb. 
Əvvəlcə məlumat üçün qeyd edək ki, Tale Bağırzadə və tərəfdarları 2015-ci ilin noyabr ayının 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Nardaranda keçirdikləri xüsusi əməliyyat zamanı həbs ediliblər. Əməliyyat zamanı 7 nəfər dünyasını dəyişmişdi. T. Bağırzadə və tərəfdarı olan 14 nəfər həbs edilmişdi. Əməliyyatların davamı olaraq Nardaranda 70-dən çox şəxs həbs edilmişdi. Onların barələrində müxtəlif cəzalar təyin edilib. Hazırda “Nardaran hadisələri”nə görə həbs olunanların sayı T. Bağırzadə də daxil olmaqla, 19 nəfərdir. 
"Forum 18" təşkilatının məqaləsində Tale Bağırzadə ilə yanaşı Nuhbala Rəhimov və Elçin Qasımlı da vicdan məhbusu kimi göstərilir. 
Düzdür, hökumət rəsmiləri Azərbaycanda vicdan və siyasi məhbus anlayışlarının olmadığını deyir. Məsələn, Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov dəfələrlə bəyan edib ki, dünyanın hüquq praktikasında və nəzəriyyəsində vicdan məhbusu, siyasi məhbus anlayışları yoxdur. “Vicdan Məhbusu” daha çox «Amnesty İnternational» beynəlxalq insan hüquqlari təşkilatı tərəfindən geniş istifadə olunan anlayışdır. 
Təşkilat hesab edir ki, dini və digər inancına, etnik mənsubiyyətinə, cinsinə, rənginə, dilinə, milliyyətinə və ya sosial mənsubiyyətinə, iqtisadi vəziyyətinə, doğum, cinsi orientasiyasına və ya digər statusuna görə həbs olunmuş şəxslər vicdan məhbusu sayılırlar. 
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da musavat.com-a açıqlamasında deyir ki, fikirlərinə, dini və digər inanclarına görə həbs olunan şəxslər vicdan məhbusu hesab olunur. Xatırladaq ki, Taleh Bağırovun və digər 18 nəfər barəsində cinayət işinin materialları ilə vəkillər tanış olublar. İş baxılması üçün yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək. (Musavat.com)

Google+ WhatsApp ok.ru