Taleh Bağırzadənin məhkəməsi zamanı həbslər olub

Taleh Bağırzadənin məhkəməsi zamanı aksiya keçirmək istəyən bir qrup şəxs saxlanılıb.
Musavat.com bildirir ki, fevralın 19-da Nəsimi Rayon Məhkəməsində Taleh Bağırzadənin məhkəmə prosesi zamanı 15-20 nəfər şəxs məhkəmənin inzibati binasının qarşısında aksiya keçirməyə cəhd göstərib.  
Aksiyaya təşəbbüs zamanı 9 nəfərin saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə aparıldığı, barələrində müvafiq sənədləşmə aparılaraq qərar qəbul edilməsi üçün rayon məhkəməsinə göndərildiyi deyilir.  
Saxlanılanların ad-soyadları barədə də musavat.com-a məlumat daxil olub. Onlardan Bakı şəhər sakinləri, 1988-ci il təvəllüdlü Murad Şahin oğlu Qurbanov, 1993-cü il təvəllüdlü Lətif Xalid oğlu Cəfərli və əvvəllər CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, 1986-cı il təvəllüdlü Rəvan İlham oğlu İsmayılov inzibati qaydada həbs ediliblər.  
Digər saxlanılanlar - 1969-cu il təvəllüdlü Səbuhi Yurik oğlu Səlimov, 1978-ci il təvəllüdlü Elnurə Rafiq qızı Zeynalova, 1964-cü il təvəllüdlü Həsən Abbas oğlu Mustafayev, əvvəllər CM-nin 234.1-ci maddəsi ilə məhkum olmuş, 1970-ci il təvəllüdlü Rövşən İsib oğlu Məhərrəmli, 1992-ci il təvəllüdlü Səxavət Ədalət oğlu Hüseynov və 1985-ci il təvəllüdlü Elçin Eldar oğlu Ağayev xəbərdarlıq edilərək sərbəst buraxılıblar. 

Google+ WhatsApp ok.ru