Taleləri qaranlıq qalan əmanətlər

Taleləri qaranlıq qalan əmanətlər

-- Bağlanan banklardakı əmanətlərin taleyi qaranlıq olaraq qalır

"Yeni Müsavat" qəzetində "Bağlanan banklardakı əmanətlərin taleyi qaranlıq olaraq qalır" sərlövhəli məqalə diqqəti cəlb edir.
 
Müəllif bəhs olunan sahədə vəziyyəti ekspert Əkrəm Həsənovla müzakirəyə çıxarır.
 
Yazı müəllifi ekspertlərə istinadən ölkənin bank sektorunda zəif bankların bağlanması prosesinin bu il də davam edəcəyini deyərək bunu daha çox sayda insanın banklara əmanət etdiyi vəsaitlərdən məhrum olması kimi dəyərləndirir.
 
Ə.Həsənov qəzetə deyir ki, bağlanan bankların bir çoxunun əmlakı və kreditləri əmanətlərin qaytarılması üçün yetərli olsa da, bəzi banklarda vəziyyət gərgindir.
 
Ekspertin sözlərinə görə, bağlanan banklarda qorunmayan əmanəti olanların heç biri qoyduğu pulun hamısını geri ala bilmir.
 
Ə.Həsənova görə, son vaxtlar Əmanətlərin Sığortası Fondu (ƏSF) qorunan əmanətlərin də bəzilərinin qaytarılmasından qanunsuzluğa yol verərək imtina edir, bu mənada "Texnikabank" və "StandardBank"da vəziyyət çox pisdir: "Onların əmlakı və kreditləri heç qorunan əmanətlərin qaytarılmasını belə təmin etmir. Ola bilsin ki, digər banklardan da belə vəziyyətdə olanlar var, əmanətlərin Sığrotalanması Fondu qeyri-şəffaf işləyir deyə bu haqda dəqiq məlumat əldə etmək mümkün olmur. Qanuna görə, Fond 3 ayda bir dəfə bütün kreditorlara bankın maliyyə vəziyyəti haqqında məlumat təqdim etməlidir. Lakin bunu etmirlər, bu isə Fondun nə qədər düzgün işləməsinə şübhələr yaradır".
 
Ə.Həsənov deyir ki, bağlanan banklar arasında yeganə "Standardbank"ın əmanətçiləri bankı müflisləşməyə gətirib çıxaran Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatasını məhkəməyə veriblər, belə ki, onların günahından "StandarBank" uzun illər boyu müflis həddində olaraq fəaliyyət göstərib.
 
Ə.Həsənov bildirir ki, yalnız "StandardBank"da əhalinin 157 milyon manat əmanəti, şirkətlərin 400 milyon manatı qalıb.Daha 460 milyon manata yaxın vəsait isə ƏSF-nin qaytardığı qorunan əmanətlərdir.
 
Ə.Həsənov iddia edir ki, digər banklar üzrə belə məlumatlar açıqlanmır, heç bir bankın əmanətçisi bankın durumu barədə məlumatlandırılmır və ƏSF belə məlumatları tam qapalı saxlayır. İstər dövlət, istər özəl qurum olsun, ailə olsun - maliyyə məsələlərində şəffaflıq yoxdursa, deməli, orada dürüstlük böyük şübhə altındadır".
 
Ekspert deyir ki, bağlanan banklarda qalan qorunmayan əmanətlərin həcmi təxminən 2 milyard manata yaxındır, bu barədə dəqiq məlumat, Fonddadır, Fondun yeni rəhbərliyindən gözləntilər çox olsa da təəssüf ki, onlar özlərini doğrultmadı.(contact.az)
 

Google+ WhatsApp ok.ru