Tanınmış ekspert ölkənin böhran içərisində olduğunu faktlarla sübut etdi

Tanınmış ekspert ölkənin böhran içərisində olduğunu faktlarla sübut etdi

Oktay Haqverdiyev: “Azərbaycanda kapital qoyuluşunu əhali yox, özəl şirkətlər edir”
 
Mərkəzi Bank bu ilin 10 ayı ərzində Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları üzrə statistik göstəriciləri açıqlayıb. Göstəricilərdən məlum olub ki, 2015-ci illə müqayisədə, bu ilin sonuna doğru kredit qoyuluşunda fərq 5-6 milyard civarında olacaq.
 
Bəs görəsən kredit qoyuluşlarındakı azalma ölkə iqtisadiyyatına necə təsir göstərəcək?
 
Ekspert bildirib ki, böhranla əlaqədar olaraq ölkədə bir çox şirkət və müəssisələr bağlanıb. Problemli kreditlərin həcmi çoxalıb. Hər kəs düşünür ki, problemli kreditlərin böyük bir hissəsi sadə əhalinin adınadır. Lakin dərindən araşdırdıqda problemli kreditlərin çox hissəsi iri şirkətlərin ödənilməyən borclarıdır. Hazırda statistikaya görə, ölkədə yığılıb qalan 1,6 milyard manat məbləğində problemli kreditlərin yarıdan çoxu məhz həmin şirkətlərin payına düşür”.
 
Oktay Haqverdiyevin sözlərinə görə, xarici ölkələrdən fərqli olaraq Azərbaycanda sivil qanunlar işləmir: “Xarici ölkələrdə kreditlər verilərkən bir çox məsələlər nəzərə alınır. Məsələn krediti ödəmək imkanı ən azı 70 faiz olan şəxslərə pul verilir. Bizdə isə mexanizm düz işləmədiyi üçün belə problemlər yaranır”.
 
İqtisadçı qeyd edib ki, Azərbaycanda kapital qoyuluşunu əhali yox, özəl şirkətlər edir: “Bu şirkətlərin çoxu isə böhran səbəbi ilə ya bağlanıb, ya da Azərbaycan bazarını tərk edib. Ona görə də, ölkədə kredit qoyuluşu ötən illə müqayisədə azalıb. Bütün bunların nəticəsidir ki, iqtisadi göstəricilər 3,7 faiz aşağı düşüb, əhalinin real gəlirləri isə təxminən 4 faiz azalıb. Bu hal böhran adlanır”. (islaminsesi) /

Google+ WhatsApp ok.ru