Tanınmış iqtisadçı ölkənin qeyr-neft sektoru ilə bağlı bədbin danışdı

Tanınmış iqtisadçı ölkənin qeyr-neft sektoru ilə bağlı bədbin danışdı

İlham Şaban: “Ölkəyə valyuta gətirmək üçün pambıq əkək, ancaq nəticə haradadır?”
 
Hökumət qeyri-neft sektoruna diqqəti nə qədər artırsa da, hələ ki ölkə iqtisadiyyatının lokomotivi neft sayılır. Qeyri-neft sektorunda aparılan islahatlar belə neft vəsaitləri hesabına həyata keçirilir. Neft gəlirlərinin davamlılığının sığortalanması baxımından yenidən imzalanan "Əsrin kontraktı"nın da rolu əvəzsizdir. Bu, Azərbaycan iqtisadiyyatının növbəti mərhələdə də ölkəyə daxil olan valyutadan məhrum olmamasının təminatıdır.
 
Məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlamasında fikirlərini bildirən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban iqtisadiyyatda neft vəsaitlərinin rolunu vurğulasa da, digər sahələrdə inkişafın daha zəruri olduğunu bildirdi: “Gəlin hesab edək ki, yeni imzalanmış müqavilə əvvəlkinin davamıdır. 2016-cı ildə ondan ölkəyə 5 milyard vəsait daxil olmuşdu, 2017-ci ildə qiymətlər təqribən 30 faiz yüksək oldu. Lakin bunun əvəzində hasilat azalmağa başladı. Yəni bu neft müqaviləsindən daxilolmaların 5,5 milyard civarında olması ehtimal olunur. Bundan sonra qiymətlər artsa da həcmlər aşağı enməyə meylli olacaq. Bu müqavilə çərçivəsində yeni tikiləcək platforma növbəti onilliyin əvvəlində hasilatın daha da aşağı düşməsinin qarşısını alacaq. Təqribən 5-6 il müddətində hasilatın müəyyən bir çərçivədə stabil qalmasına xidmət edəcək. Əvvəllər bizim gəlirimiz bundan orta hesabla 3 dəfə çox idi. Biz bunun bir hissəsini Neft Fondunda yığıma göndərirdik, digər hissəsini isə bol-bol xərcləyirdik. Son iki ildə xərcləmələri kifayət qədər azaltmışıq. Bununla da gördük ki, heç kim acından ölməsə də, inkişaf yetərincə getmir. Əvvəl bir çox göstəricilərə görə qonşularımızdan öndə idik. Ancaq indi vəziyyət heç də ürəkaçan deyil. Biz qonşu Gürcüstanla belə bu məsələdə özümüzü irəlidə gedən ölkə hesab edə bilmərik. Məsələ burasındadır ki, əgər bizim büdcəmiz 10 milyard manatdırsa, dollar hesabında iki dəfədən çox azalıbsa, neftdən gələn mənfəət gəlirimiz də onun yarısı qədərdirsə, onda biz necə deyə bilərik ki, neft bizim hər dərdimizin məlhəmidir?”
 
İ.Şabanın sözlərinə görə, qeyri-neft sektorundan ixracı artırmaqla yanaşı, yeni bazarlar axtarılmalıdır: “Əvvəlki illərdə daxil olan neft vəsaitləri hesabına ölkəmizin libası dəyişib, müasirləşib. Bunu heç kim inkar edə bilməz. İstər paytaxtın, istərsə də regionların görüntüsü kifayət qədər dəyişib. Ancaq məsələ bundadır ki, bu görülən işlərdən əlavə dəyər qazanılmadı. Növbəti mərhələ vəsaitlər elə yatırılmalıdır ki, əlavə dəyər qazanılsın. Ancaq biz hələ ki bunu etmək barədə strateji fikirləşmirik. Bizim hökumət 10 ildir ki, kənd təsərrüfatının inkişafına çalışır. Lakin düşünmür ki, bu sektorun gəliri Rusiya bazarındandır. Ancaq hökumət bazarı diversifikasiya etmir. Rusiya Türkiyə ilə münasibətlərindən sonra, Qərb ilə sanksiyalar məsələsindən sonra kənd təsərrüfatına milyardlarla investisiya qoyub və öz fermerləri üçün böyük imkanlar yaradıb. Bu imkanlar isə təqribən 2-3 il sonra bazarda özünü göstərəcək. Bu gün Rusiyanın cənubunda sitrus meyvələrindən tutmuş, kartofa kimi hər şey yetişir. Rusiya kartofu bizimkindən 3 dəfə ucuzdur. Artıq 2020-ci ildə azərbaycanlıların oraya apardıqları məhsullar yerli istehsalçıların rəqabəti ilə üzləşəcək. Bizim kənd təsərrüfatı məhsullarının ixracından qazancımız heç 500 milyona çatmır. Biz bu məsələlərə ciddi yanaşmırıq, yeni bazarlar axtarmırıq. Kimsə hansısa ölkəyə bir treyler məhsul aparıb satıbsa, onu elə təqdim edirik ki, guya biz həmin bazarı fəth etdik və milyonlar qazanırıq. Ancaq heç kim maraqlanmır ki, həmin bazardan bizim mənfəətimiz nə oldu”. 
Ekspert vurğuladı ki, qeyri-neft sektorunda əsas diqqət ölkəyə daha çox valyuta gətirəcək sahələrə yönəldilməlidir: “Ancaq neftin mənfəəti hər ay elan olunur. Azərbaycanın müstəqilliyi elan olunandan bəri mən heç bir sektorda mənfəət qazancı haqda açıqlama görmədim. İstər hökumətin nəzarətindəki şirkətlərdə, istər özəl şirkətlərin balansında mənfəət haqqında açıqlama verilmir. Sanki şirkətlər qorxur ki, mənfəətlərini açıqlasalar, kimsə onların əllərindən alacaq. Ölkənin 20 milyon əhalisi var və getdikcə artır. Hökumət bilməlidir ki, bütün dünya üzrə kənd təsərrüfatı ən gəlirli sahə sayılmır. Bu, əməkyönümlü sahədir, ancaq kapital gətirən sahə deyil. Hazırda sənayeləşmə məsələsi prioritet kimi ortaya qoyulmalıdır. Tekstil sənayesi də böyük qazanc gətirən sahə deyil. Türkiyədə yüzminlərlə insan çalışır, hər hansı paltar istehsal edir. Nəticədə isə 10 milyon dollar qazanılır. Ancaq yunanlar gəmiqayırma sahəsində bir super yaxtanı 3 aya tikirlər və onu 150 milyona satırlar. Ona görə də 75 milyon nəfərlik Türkiyənin ÜDM-i 800 milyon dollardır, ancaq 10 milyon əhalisi olan Yunanıstanın ÜDM-i 200 milyard avrodur. Heç kim hesablamır ki, hər hansı işdə adambaşına düşən faydalı iş əmsalı nədir. Azərbaycan isə 35 ildir dünyadan təcrid olunmuş və heç bir müasir texnikası olmayan İranla birgə müəssisə yaradır. Dünya elektrik avtomobillərin istehsalına gedir. Hökumət dünyada gedən trendi izləməlidir. Baxmalıdır ki, 2030-cu ildə nə olacaq, bütün mütəxəssisləri o istiqamətdə yönətməlidir ki, ən azı 2025-ci ildə bu prosesin astanasında olsun. 
 
Ölkəyə valyuta gətirmək üçün pambıq əkininə keçmək olar, ancaq nəticə haradadır? Ölkəyə nə qədər vəsait daxil olub? Artıq sentyabr ayının ortasıdır. Ancaq bir yerdə pambıq statistikası, hesabatı açıqlanmayıb. Neft sektoruna o qədər innovativ, gələcəyə yönəlmiş layihələr var ki... Onun heç olmasa 10 faizini hökumət qeyri-neft sektoru üçün eləsə, çox böyük uğurlar əldə etmək olardı. Təəssüf ki, hələ də bizim lokomotivimiz neftdir". /

Google+ WhatsApp ok.ru