Tarixdə bu gün : Avropada müsəlman soyqırımından 23 il keçir

Tarixdə bu gün : Avropada müsəlman soyqırımından 23 il keçir

Bu gün Srebrenitsa soyqırımının 23 ili tamam olur.
 
Maide.Az  xəbər verir ki, bu hadisə əsrin ən böyük qətliamlarından biri kimi tarixə yazılıb. 1991-1995-ci ildə baş vermiş Yuqoslaviya Vətəndaş müharibəsi zamanı, 11 iyul 1995-ci ildə general Ratko Mladiçin əmrindəki ağır silhlarla təchiz edilmiş Bosniya-Serb ordusu 8300-dən çox müsəlmanı qətlə yetirir. Qırğında qadın və kiçik yaşda uşaqların da öldürüldüyü sənədlərlə sübut edilib. 
 
Qətliamın başlanması
 
Serbiya 1992-ci ilə Bosniya-Hersoqovinaya qarşı əməliyyatlara başladı. Bundan dərhal sonra BMT ölkədəki 6 bölgəni özünün müdafiəsi altına almağa məcbur oldu. Srebrenitsa da məhz bu bölgələr sırasına daxil idi.
 
Serbiya ilə aparılan müharibə ucbatından şəhərdəki vəziyyət çox pisləşmişdi. Müharibəyə qədərki dövrdə 24 min əhalisi olan şəhərə kütləvi şəkildə qaçqınların axınından sonra say 60 minə çatmışdı. Üstəlik, Srebrenitsada kütləvi şəkildə yolxucu xəstəliklər yayılmağa başlamışdı. Maraqlı məqam ondan ibarətdir ki, müdafiəsi çətinləşən bir ölkədə BMT-nin Srebrenitsaya göndərdiyi 400 hollandiyalı sülhməramlı məhz Bosniya müsəlmanlarının silahlarını toplamışdı.
 
Müsəlman soyqırımı
 
Ratko Mladiçin tabeçiliyində olan serb dəstələri Srebrenitsaya hücumlarını intensivləşdirdikdən sonra müsəlmanlar onlardan alınan silahların geri qaytarılması üçün BMT sülhməramlılarına müraciət etdilər. Amma bu, bir fayda vermədi. Hollandiyalı sülhməramlıların rəhbəri Tom Karremans boşnakların istəyini rədd etdi. Digər maraqlı məqam isə Mladiçin çoxsaylı ordusunu BMT sülhməramlılarının yalnız iki F-16 təyyarəni havaya qaldırmaqla qorxutmaq istəməsi idi.
 
Mladiçin ordusu Srebrenitsaya daxil olarkən BMT sülhməramlıları heç bir izahat vermədən şəhərdən çıxdılar. Nəticədə çarəsiz qalan müsəlmanların kütləvi qırğını başladı. Beş gün davam edən qətliamda 8372 nəfər qətlə yetirildi.
 
O zamanlar qeydə alınan kadrlardan birində Mladiç Srebnitsadakı müsəlmanları göstərərək, “türklərdən qisas alacağıq” ifadələrini işlədir:
 
“Artıq 11 iyul 1995-ci ildir və biz Serb şəhəri Srebrenitsadayıq. Böyük bir serb bayramı ərəfəsində bu şəhəri serb millətinə ərmağan edirik. Nəhayət ki, yeniçərilərə qarşı üsyanımızdan sonra bu topraqlarda türklərdən intiqam almağımızın vaxtı çatdı”.
 
Nəticə
 
Srebrenitsa soyqırımı İkinci Dünya savaşından sonra Avropada baş verən ən böyük qətliam oldu. Hələ indiyə qədər bu şəhərin müxtəlif yerlərindən kütləvi məzarlıqlar aşkar edilir. Serbiya 2010-cu ildə rəsmən Bosniyadan törədilən soyqırıma görə üzr istədi. Üstəlik, Avropa Birliyi də iyulun 11-nin Srebrenitsa soyqırımının anma günü olması haqqında qərar qəbul etdi.
 
Srebrenitsa soyqırımının əsas günahkarı Ratko Mladiç uzun müddət gizlənməyi bacardı. Ona bu işdə Serbiya rəhbərliyindəki bir sıra şəxslər də yardım etdilər. 2010-cu ilə qədər Serbiya hökuməti Mladiçin ölkə ərazisində olmadığını qeyd etsə də, sonradan bu iddiasını dayandırdı. Rəsmi Belqrad 2011-ci ildə Mladiçi həbs edərək Haaqa məhkəməsinə təhvil verdi.

Google+ WhatsApp ok.ru