Tariximizin şərəfli səhifəsi - 20 YANVAR

-- Bu gün xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub

Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O müdhiş gecə Azərbaycan xalqı sınağa çəkildi. Həm xalqın öz içində yetişdirdiyi qəhrəmanlar üzə çıxdı, həm də ona başcılıq edənlərin kimliyi bəlli oldu.
 
Üstündən 4 il keçdikdən sonra - 1994-cü il martın 29-da Milli Məclis 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərar qəbul etdi. 
 
Artıq o qanlı hadisədən 28 il keçib. Hər il olduğu kimi bu ildə məktəblilər, tələbələr, ictimiayyət dəstə-dəstə Şəhidlər Xiyabanına axşır, güllərdən xiyabanın yollarına xalça toxunur. Amma bütün bunların fonunda hadisələrə hələ də hüquqi qiymət verilməyib və beynəlxalq ictimaiyyət onu tanımayıb. Bizimlə eyni ağrı-acını yaşayan Litvanı isə dünya tanıdı.  Hansı ki, bizdən bir il sonra 1991-ci il yanvarın 13-də sovet qoşunları bu ölkəyə də qoşun yeritmiş, Vilnüsdə teleqüllə ələ keçirilmişdi. Azərbaycanda isə bu məsələyə görə günahı olan bircə nəfərin də burnu qanamayıb. Faktla bağlı açılan cinayət işi də dalana dirənib. Niyəsinə isə 25 ildir eyni cavab verilir. Belə ki, cinayət işi SSRİ Baş Prokurorluğunda açılıb və 68 cildlik cinayət işinin materialları Moskvaya aparılıb və bu materialların Azərbaycana aytarılması barədə Azərbaycanın sorğularına Rusiya hüquq-mühafizə orqanları cavab vermir.
 
Biz onda nəyi gözləyirik? Niyə beynəlxalq məhkəmələrə üz tutmuruq? Bu barədə danışan politoloqlar bildirirlər ki, Azərbaycanın dövlət, siyasət adamları, ziyalılar bu iş Avropa Məhkəməsinə aparılmalı, 20 Yanvarın tanıdılması Azərbaycanın siyasi gündəmində mühüm yer tutmalıdır.
 
Xatırladaq ki, 1988-ci ildə Dağlıq Qarabağda baş qaldırmış erməni separatizminə Kreml rəhbərliyi tərəfindən rəvac verilməsi, 1989-cu ildə SSRİ Ali Sovetinin qərarı ilə DQMV-də yaradılmış Xüsusi İdarə Komitəsinin Azərbaycana qarşı qərəzli mövqeyi sayəsində muxtar vilayətin idarə-müəssisələrinin tədricən Azərbaycanın tabeçiliyindən çıxarılması, azərbaycanlıların Ermənistandakı tarixi-etnik torpaqlarından tamamilə deportasiya edilməsi, Moskvanın erməni separatçılarını cəzalandırmaq əvəzinə, Azərbaycan xalqının əl-qolunu bağlaması millətin səbir kasasını daşırmışdı. 1989-cu ilin sonlarında bəzi rayonlarda Xalq Cəbhəsinin hakimiyyəti ələ keçirməsi, Xalq Hərəkatının Milli Müdafiə Şurası təşkil edərək nəzarəti öz əlinə alması, 1990-cı il yanvarın 13-15-də Dövlət Təhlükəsizliyi Komitəsinin Sumqayıt ssenarisi əsasında "erməni talanları" törətməsi Moskvanın əlinə Azərbaycan xalqını cəzalandırmaq fürsəti vermişdi. Nəhayət, 1990-cı ilin əvvəlində Kreml Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qaşı çıxan Azərbaycan xalqını cəzalandırmaq üçün Qanlı Yanvar qırğınını törətdi.
 
1990-cı il yanvarın 20-də Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın digər rayonlarına sovet hərbi hissələri yeridildi. Dinc əhalinin kütləvi etiraz aksiyalarının ağır hərbi texnikanın köməyi ilə vəhşicəsinə dağıdılması təkcə süquta uğramaqda olan sovet siyasi sisteminin qorunması cəhdi kimi deyil, həm də azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılıb çıxarılması ilə bağlı Çar Rusiyasının əsrlərlə apardığı mənfur siyasətin yeni şəraitdə davamı idi.
 
20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Məhz 20 Yanvardan başlayaraq Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyü və milli haqlarımıza obyektiv yanaşma nümayiş olunacağına öz inamını birdəfəlik itirdi.
Hakimiyyətin mənbəyi sayılan və öz hüquqları uğrunda düşüncəsi, fikri, sözü, həmrəyliyi ilə mübarizəyə qalxmış bir xalq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə öz zəhmli ordusunun tankları, işıq saçan zəhərli güllələri, xüsusi təyinatlı hərbi dəstələri, pozuculuq-təxribat işlərini təşkil edən çevik qrupları ilə üzləşdi...
 
Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, yanvarın 22-də Azərbaycan xalqı şəhidləri ilə vidalaşdı. Paytaxt matəm libası geyinmişdi. Respublikada 3 gün matəm elan olunmuşdu. Azərbaycanın bütün rayonlarında və Bakıda izdihamlı matəm mitinqləri keçirildi. Bakıda keçirilən matəm mərasimində bir milyondan çox insan iştirak edirdi. Bu, Azərbaycan xalqının azadlıq səsi, haqq, ədalət, demokratiya və müstəqillik uğrunda mübarizə əzmi idi.  
 
20 Yanvar faciəsi törədilən zaman Azərbaycan xalqı ağır iflic vəziyyətinə və informasiya blokadasına salınmışdı, radio, televiziya susdurulmuş, onun enerji bloku silahlı hərbiçilər tərəfindən vəhşicəsinə partladılmış, mətbuatın nəşrinə qadağa qoyulmuşdu. Azərbaycan sakit və ölü bir dənizə bənzəyirdi. Xalq ağır və dəhşətli faciədən xəbərsiz idi. Görünməmiş qəddarlıqla keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan 133 dinc sakin öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar olmuşdur. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi. 
 
Amma bütün bunlara baxmayaraq, qeyd etmək yerinə düşərdi ki, 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir.
20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.
 
(Maide.Az)
 

Google+ WhatsApp ok.ru