Tbilisidə 9 aprel faciəsi ilə bağlı tədbir keçrilib

Aprelin 9-da  Gürcüstan Müsəlmanları İdarəsinin və azərbaycanlı tələbələrin təsis etdiyi Azad Tədqiqat İnistutunun təşkilatçılığı ilə Tbilisidə yerləşən “Alulbeyt” din mərkəzində 9 Aprel faciəsinin 27 illiyinə həsr olunan tədbir keçirildi.
 
Maide.az xəbər verir ki, din xadimləri , ictimaiyyət nümayəndələri, azərbaycanlı və gürcü tələbələr və jurnalistlərin iştirakı ilə keçirilən tədbirdə Qurani Kərimin tilavətindən sonra həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
 
Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, müftisi Hacı Yasin Əliyev, Ağsaqqallar cəmiyyətinin sədri İsak Novruzov və gürcü və azərbaycanlı tələbələr yaddaşlarda yaşayan 9 aprel tarixi qəhrəmanlığı haqda çıxış etdilər. Gürcüstan və Azərbaycana müstəqillik və azadlıq bəxş edən 9 aprel və 20 yanvar hadisələrinin necəliyi, səbəbi, mahiyyəti haqda söhbətlər edildi. Bu kədərli, faciəvi hadisənin eyni zamanda olduqca qürurverici fədakarlıq məktəbi və dövlətin müstəqillik və azadlığına doğru atılan müqəddəs bir addım olduğu danışıldı. Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə 9 aprelə həsr etdiyi şeirini məclis iştirakılarına təqdim etdi. Sonda tədbir iştirakçılar şirniyyat və çay süfrəsinə dəvət olundular.
 
Xatırladaq ki, bu il 9 aprel faciəsinin 27-ci ildönümüdür. 1989-cu il aprelin 9-da Sovet Ordusunun xüsusi təyinatlı qüvvələri tərəfindən gecə saat 04:00-da Gürcüstan parlamenti qarşısında aksiya iştirakçılarına güc tətbiq edilib, zəhərli qazdan və güllələrdən istifadə edilib. Nəticədə 16 nəfər qadın həlak olub, sonradan daha 5 nəfər yaralı vəfat edib. Hadisə zamanı ümumilikdə 21 nəfər faciə qurbanı olub, onlarla insan yaralanıb. Həlak olanların içərisində hamilə qadınlar və yuxarı sinif şagirdləri də var.
 
Faciədən 2 il keçəndən sonra 1991-ci il martın 31-də keçirilən referendum əsasında Gürcüstan dövlət müstəqilliyini elan edib.
Azərbaycan və Gürcüstan eyni taleyi yaşayan qonşu və dost ölkələrdir. 9 aprel acısının böyük bənzərini 20 Yanvar faciəsində azərbaycanlılar da yaşayıb. /
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru