Telefona baxan uşaqlara korluq təhlükəsi

Telefona baxan uşaqlara korluq təhlükəsi

-- Uşaqlar üçüm tövsiyə olunan 20/20/2 qaydası

Niderlandlı alimlər gələcəkdə həddindən artıq çox ekran istifadəsinə görə uşaq və gənclərin görmə qabiliyyətinə ciddi ziyan və hətta kor olmaq təhlükəsi yaranacağını bildirirlər.
 
Bunun səbəbi isə onların bayırda günəş işığında oynamaq əvəzinə planşet, telefon və televizor ekranına uzun müddət baxmalarıdır.
 
Alimlərin "görünməyən bir epidemiya" adlandırdıqları bu problemin həlli olaraq "20/20/2 qaydasını" tövsiyə ediblər.
 
Rotterdam Erasmus universitetinin tibb fakültəsindən Prof. Dr. Caroline Klaver bildirir ki, gün boyu telefon, planşet və ya kitaba yaxından baxan uşaqların təbii göz forması dəyişir. Normal halda sferik formada olan göz bəbəkləri oval formasına dəyişir.
 
Nəticədə isə gözün arxasında yerləşən işığa həssas hüceyrələr xəsarət alır. Niderlandlı professor bunun "dönməz bir proses" olduğunu deyir.
 
Professor Klaver bu səbəbdən yaxıngörənlərin bir qisminin kor olmaq təhlükəsi ilə üzləşdiklərini qeyd edir.
 
20/20/2 qaydası
 
Professor Klaver-in uşaqlar üçüm tövsiyə etdiyi 20/20/2 qaydası bundan ibarətdir:
 
20 dəqiqə: Bu uşaqlar üçün kitab oxumağa, telefon, planşet və ya kompüter ekranına baxdığı vaxtın həddidir. Elmi eksperimentlər göstərib ki, hər 20 dəqiqədən bir qısa fasilə görmə qabiliyyətinə ziyanın qarşısını ala bilər.
 
20 saniyə: Bu qeyd olunan fasilənin minimum həddidir. Ən azı 20 saniyə uzağa baxıb gözlərinizi bu məsafədə nəyəsə fokuslaşdırmalısınız.
 
2 saat: Bu bayırda keçirməli olduğunuz vaxtın gündəlik minimumudur. Uşaqların uzun saatlar məktəbdə və ya evdə dərs oxuduqları Asiyada keçirilən elmi eksperimentlər bayırda azı iki saat keçirməyin görmə qabiliyyətinə faydalı olduğunu göstərib.(bbc)
 

Google+ WhatsApp ok.ru