Terrorçular yenidən İmam Həsən Əsgərinin (ə) hərəminə raket hücumları ediblər

Ötən gün terrorçular İmam Həsən Əsgərinin (ə) hərəminə yenidən raket hücumları ediblər. Terrorçular tərəfindən atılan 2 raket müqəddəs ziyarətgahın yaxınlığına düşüb. Bunu İraq Təhlükəsizlik Qüvvələrindən məlumatlı mənbə deyib.
 
Maide.az-ın “Əl-Aləm” kanalına istinadən məlumatına görə,  İraq ordusu Babil şəhərinin şimalında hərbi təyyarələrlə terrorçuların mövqelərini bombalayıb. İŞİD terrorçularından 42 nəfər ölüb və 20 nəfər yaralanıb.
Məlumata əasən, ordu və könüllü qüvvələr Bağdadın cənubunda Əl-Teyfiyyə bölgəsindən terrorçuları qovublar. Terrorçular çoxlu itki verib və bölgədən qaçıblar. Bölgəyə nəzarət İraq qüvvələrinin əlinə keçib.  
Həmçinin İraq hərbiçiləri ötən gün Əl-Ənbar əyalətində terrorçuların başçılarından olan Əbuəla Əl-Şamini öldürüblər.  
Qeyd edək ki, İŞİD terrorçularının İraqın  Neynəva, Kərkuk,  Səlahəddin, Bağdad və s. bölgələrində törətdikləri cinayətlərə görə yüzlərlə insan evlərindən didərgin düşüb. Onlar İraqın Nəcəf şəhərində məskunlaşıblar.
 
Xatırladaq ki, ötən həftə də terrorçular İmam Həsən Əsgərinin (ə) hərəminə raket hücumları etmişdilər və 4 raket müqəddəs ziyarətgahın həyətinə düşmüşdü. Raket hücumları nəticəsində 1 nəfər şəhid olmuş, 32 nəfər isə yaralanmışdı.
 
10-cu imam Əli əl-Nəqi (ə) və 11-ci İmam Həsən əl-Əsgərinin (ə) qəbri “əl-Əsgəri” məscidində yerləşir. 2006-cı ildə də “əl-Qaidə”yə bağlı terrorçular məsciddə partlayış törədib qızıl günbəzi dağıtmışdılar. 2007-ci ildə isə məscidin minarələri də partladılmışdı.

Google+ WhatsApp ok.ru