Tezliklə Naxçıvan–Məşhəd qatarı işə düşəcək – Səfir (Foto)

Tezliklə Naxçıvan–Məşhəd qatarı işə düşəcək – Səfir (Foto)

 
Bu gün İranın Azərbaycandakı Səfirliyində səfir Möhsün Pakayinin Azərbaycanda diplomatik missiyasının bitməsi ilə əlaqədar mətbuat konfransı keçirilib.
 
Maide.Az xəbər verir ki, mətbuat konfransındə çıxış edən səfir sentyabrın 22-də Azərbaycanı xoş xatirələrlə tərk edəcəyini bildirib: "Çox şadam ki, mənim Azərbaycandan getməyim iki müqəddəs bayrama - "Qurban" və "Qədir-Xum" bayramlarına təsadüf edir. Bütün Azərbaycan xalqını "Qədir-Xum" bayramı münasibətilə təbrik edirəm”. 
 
Səfir deyib ki, Azərbaycandakı səfirlik fəaliyyətinin əvvəlki günlərində iki ölkə arasındakı münasibətlər indiki kimi olmayıb: “Lakin bu gün qarşılıqlı etimad əsasında münasibətlərimiz yüksək səviyyədədir. Səfir ölduğum müddətdə İran prezidentləri üç dəfə Azərbaycana səfər ediblər. Bu müddət ərzində Azərbaycan Prezidenti İlham Əliyev iki dəfə İrana səfər edib. Ümumilikdə, hər iki prezident keçən müddət ərzində istər Azərbaycanda, istər İranda, yaxud da beynəlxalq tədbirlər çərçivəsində bir-birilə görüşüblər”.
 
“Səfir olduğum bu müddət ərzində iki ölkə arasında hökumətlərarası iclas 4 illik fasilədən sonra yenidən keçirilib. Bu illər ərzində iki ölkə arasında 50-yə yaxın sənəd imzalanıb. Ölkələrimiz arasında bu günə qədər 80-dən çox rəsmi səfərlər həyata keçirilib”, - deyə səfir əlavə edib.
 
M.Pakayin deyib ki, İranın Naxçıvanla da əlaqələri genişlənib, tezliklə Naxçıvan-Məşhəd qatarı işə düşəcək. Bu isə Azərbaycan-İran münasibətlərinin inkişafına töhfəsini verəcək. 
 
 
M. Pakayin söhbətinin davamında deyib ki, adət-ənənələr, din, məzhəbdə də biz bir-birimizə çox oxşarıq.
 
Səfir gələcək fəaliyyəti barədə danışarkən qeyd edib ki, o, İranın XİN strukturuna qayıdacaq: “Hələ ki, məni hansı vəzifəyə təyin edəcəkləri barədə məlumatım yoxdur. Bundan əvvəl mən 3 ölkədə səfir kimi fəaliyyət göstərmişəm. Vətənə qayıdandan sonra həmin ölkələr barədə təəssüratlarımı kitaba çevirmişəm. Azərbaycanla bağlı təəssüratlarım barədə də kitab çap etdirəcəm. Mən Azərbaycanda qəribçilik hiss etmədim. İrana qayıdanda yəqin ki, Bibi Heybət ziyarətgahı üçün çox darıxacağam. Azərbaycanın mətbəxi üçün də darıxacam”.
 
“Siz bizim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimizi yaxşı bilirsiniz. İran istəyir ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə həllini tapsın. Biz bu zəmində istənilən köməyi etməyi hazırıq. İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir". 
 
 

 

 

Google+ WhatsApp ok.ru