TikTok ABŞ-da qadağan oluna bilər

TikTok ABŞ-da qadağan oluna bilər

ABŞ Dövlət katibi Mike Pompeo bazar ertəsi deyib ki, Birləşmiş Ştatlar TikTok daxil Çin sosial media tətbiqlərini qadağan etməyi “nəzərdən keçirir”.
 
Pompeo bunu “Fox News”a müsahibəsində deyib.
 
İndiyədək konqresmenlər TikTok-un istifadəçi datasını idarə etməsindən dolayı təhlükəsizlik əndişələrini dilə gətiriblər. Onlar Çin qanunlarından narahat olduqlarını deyiblər. Bu qanunlar yerli şirkətlərdən “Çin Kommunist Partiyasının nəzarətində olan kəşfiyyatı dəstəkləmək və onlarla əməkdaşlıq tələb edir”.
 
TikTok Çində işləmir, qlobal miqyasa çıxmaqdan ötrü özünü Çin köklərindən məsafədə saxlayır, Pekindən müstəqil olduğunu vurğulayır.
 
Bu arada ABŞ-Çin münasibətlərində bir sıra məsələlərdən dolayı gərginlik yaşanır. Səbəb Çinin koronavirus pandemiyasına reaksiyası, Çinin Honq Konqdakı hərəkətləri və iki ilə yaxındır gedən ticarət müharibəsidir.
 
Qısa videolar tətbiqi olan TikTok Çində mənzillənən ByteDance şirkətinə məxsusdur. Tətbiq bu yaxınlarda 58 digər Çin tətbiqilə birlikdə Hindistanda qadağan olunub. Buna iki ölkə sərhədindəki toqquşma səbəb olub.
 
“Reuters”in iyulun 6-da verdiyi xəbərə görə, TikTok bir neçə günə Honq Konq bazarını tərk edəcək. Buna Çin isteblişmentinin yarımuxtar şəhərdə yeni milli təhlükəsizlik qanunu tətbiq etməsi səbəb olub.
 

Google+ WhatsApp ok.ru