İtkin düşmüş alpinistlərin meyitləri ailələrinə təhvil verilib

İtkin düşmüş alpinistlərin meyitləri ailələrinə təhvil verilib

-- meyitlər təxminən 2800-2900 hündürlükdə olan ərazidə 4 m dərinlikdə aşkarlanıb

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş üç "Gilavar" - hava və ekstrim idman klubunun üzvlərindən ikisinin meyiti ailəsinə təhvil verilib, Səhiyyə Nazirliyi bildirib.
 
Çərşənbə günü axşam saatlarında Fövqəladə Hallar Nazirliyi itkin düşmüş alpinistlərin meyitlərinin tapılması barədə məlumat yayıb.
 
Məlumata görə, çərşənbə günü axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib və 3 meyit (2 kişi və 1 qadın), həmçinin alpinistlərə aid digər əşyalar aşkar edilib.
 
Dekabrın 23-də Azərbaycanda Tufandağ ətrafına səfər edən 3 gənc itkin düşüb. Onlar "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Namin Bünyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadədir.
 
Səhiyyə Nazirliyinin sözçüsü Səfayə Əhmədova BBC Azərbaycancaya bildirib ki, "məlumat aldıqdan dərhal sonra Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyində xüsusi komissiya yaradılıb və komissiya üzvləri hadisə yerinə eam edilib".
 
"Cəsədlər gecə saatlarında Quba Pataloji Anatomiya Birliyinə gətirilib. 5-6 saat ərzində müayinə olunub", o bildirib.
 
"Namin Bünyatzadənin cəsədi Şəmkir rayonuna, Fəridə Cəbrayılzadənin cəsədi Masallı rayonuna aparılıb, Babur Vaqif oğlu Hüseynovun cəsədi isə Bakıya gətirilir", Səfayə Əhmədova deyib.
 
Onun sözlərinə görə, müayinələrin nəticələrinə əsasən rəy tərtib olunaraq Quba rayon prokurorluğuna təqdim ediləcək.
 
APA informasiya agentliyi xilasedicilərə istinadən yazır ki, meyitlər təxminən 2800-2900 hündürlükdə olan ərazidə 4 m dərinlikdə aşkarlanıb.
 
"Alpinistlərin çadırda olduqları zaman uçquna düşdükləri ehtimal olunur", agentlik yazır.
 
İtkin düşən alpinistlərin axtarışı dekabrın 27-dən başlayıb və Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılıb.(bbc)
 

Google+ WhatsApp ok.ru