İtkin neftçilərdən birinin də meyiti tapıldı

İtkin neftçilərdən birinin də meyiti tapıldı

Onun meyiti ailəsinə təhvil veriləcək

Avqustun 18-də Daş Zirə (köhnə Vulf adası) adasında kişi meyiti tapılıb. Ekspertizadan sonar meyitin “Azneft” İB-nin N. Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsində “əmtəə operatoru” vəzifəsində çalışmış 4 yanvar 1979-cu il təvəllüdlü Samir Atabala oğlu Əsədova aid olduğu müəyyən edilib.
Qərardahdan APA-ya bildirilib ki, mərhumun meyiti ailəsinə təhvil veriləcək.
 
2016-cı il dekabrın 15-də N.Nərimanov adına neft-qazçıxarma idarəsinin 1 saylı mədənində estakadanın dənizə uçması ilə 10 neftçi dənizə düşüb. Neftçilərdən ancaq İlham Qafarovun həmin gün cəsədi tapılaraq ailəsinə təhvil verilib. Qalanlarının axtarışı isə nəticə verməyib.
 
Nefçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Meydan TV-yə açıqlamasında axtarışı, texnikanı, peşəkarlığı sıfra bərabər hesab etdiyini söyləyib:
“Əgər Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasediciləri olsaydı, bu, Günəşli yatağındakı hadisədə özünü göstərərdi. Sonuncu baş verən faciədə biz bunu görərdik, amma görmədik. Bütün bunlar da xilasetmə işlərinin kifayət qədər yaxşı təşkil edilmədiyinin göstəricisidir. Axtarışa da gec başlanmışdı. Neft şirkətinin özünün xilasetmə gəmiləri, vertolyotları yoxdur. Nəticədə də axtarışlar səmərə vermədi. Meyitlərin tapılması bu qədər gecikdi, ailələrin gözü yolda qaldı”.
 
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən, Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir. /

Google+ WhatsApp ok.ru