İT mütəxəssisi “Facebook”da yayılan virusdan danışdı: “Sosial şəbəkələr üçün anti-virus proqramı hazırlanır”

Yaxın zamanlarda sosial şəbəkələrdə yayılan virusların qarşısını almaq üçün anti-virus proqramlarının hazırlanacağı gözlənilir.
 
Maide.Az Gün.Az -a istinadən xəbər verir ki, bu gün “Facebook” sosial şəbəkəsində mənşəyi məlum olmayan viruslar yayılıb.
 
İstifadəçilərin şəxsi məlumatlarını təhlükə altına və digər istifadəçilərə narahatlıq yaradan bu virusların necə, kimlər tərəfindən və hansı məqsədlərlə yayıldığı məlum deyil.
 
Özü də “Facebook” kimi təhlükəsizliyi yüksək səviyyədə qorunduğu deyilən sosial şəbəkədə bu kimi halların tez-tez baş verməsi nə dərəcədə düzgündür?
 
Mövzu ilə bağlı informasiya texnologiyaları (İT) mütəxəssisi Cahid İsmayıloğlunun fikirlərini öyrəndik.
 
Mütəxəssis deyir ki, hazırda bu kimi virusların qarşısını almaqdan ötrü sosial şəbəkələr üçün xüsusi anti-virus proqramları hazırlanır:
 
“Məlum məsələdir ki, hazırki anti-virus proqramları saytlar və kompüterlər üçün nəzərdə tutulub. Sosial şəbəkələr üçün anti-virus proqramları mövcud deyil. Mütəxəssislər indi bunun üçün çalışırlar. Yəqin ki, yaxın zamanlarda bu problemlər də həll ediləcək”.
 
Mənşəyi məlum olmayan virusların bir neçə məqsəd üçün yayıldığını deyən C.İsmayıloğlu istifadəçiləri diqqətli olmağa çağırıb:
 
“Adətən, hakerlər şəxsi profilləri və məlumatları oğurlamaq üçün belə viruslar yayırlar. Bəzi saytlar da var ki, öz oxunuşlarını artırmaq və syta girişi çoxaltmaq üçün müxtəlif cəlbedici başlıqlar altın link tərkibli viruslar yayırlar. Çox vaxt istifadəçilər gələn mesajların mətnini tam diqqətlə oxumadıqları üçün linkə daxil olurlar və virus onların profilinə təsir etmiş olur. İstifadəçilərin şəxsi məlumatlarının təhlükəsizliyi üçün belə mesajları diqqətlə oxumalı və mənşəyi məlum olmayan linklərə daxil olmamalıdırlar”, - deyə İT mütəxəssisi xəbərdarlıq edib.

Google+ WhatsApp ok.ru