Tofiq Yaqublu və İlqar Məmmədovun səhhətlərində yaranan problemlər davam edir

Hər iki İsmayıllı məhbusunun ailəsi narahatdır; 100 nəfərə yaxın siyasi məhbusa verilən Saxarov mükafatı onların saxlanma rejimini ağırlaşdırıb

Müsavat başqanının həbsdə olan müavini Tofiq Yaqublunun səhhətində ciddi problemlərin yaranması barədə xəbər vermişdik. Artıq günlər keçdikcə Müsavat funksionerinin vəziyyəti ağırlaşır.


Buna səbəb asma xəstəliyindən əziyyət çəkən başqan müavininin uzun müddətli həbsdə qalmasıdır. 13 saylı Cəzaçəkmə Müəssisəsi belə xəstələrin həyatı üçün təhlükəlidir. Həmin müəssisə daş karxanaların əhatəsində yerləşdiyindən daim toz əhatəsində olur. Bu isə, asma xəstəliyinin ağırlaşmasında əsas rol oynayır.
Tofiq Yaqublunun qızı Nigar Yaqublu musavat.com-a açıqlamasında deyib ki, noyabrın 16-da müəssisəyə getsə də, görüşə buraxılmayıb: “Bu gün atamla görüşə getmişdik. İcazə verilmədi. Sadəcə dedikləri dərmanları almışdım. Onları verdim. Səhhətinin nə yerdə olması ilə bağlı heç bir məlumatım hazırda yoxdur. Çox narahatam. Özü zəng etməsə, gələn həftənin bazar gününə qədər məlumatsız qalacağıq. Çünki növbəti görüş üzümüzə gələn bazardır”.

Tofiq Yaqublu ilə bərabər İsmayıllı hadisələrinə görə həbs edilən REAL hərəkatının sədri İlqar Məmmədovun da səhhəti ağırlaşıb. Bu barədə onun həyat yoldaşı Vəfa Məmmədova məlumat verdi: “Bir həftəyə yaxın müddətdir ki, İlqar bərk soyuqlayıb. Neçə gündür qızdırması düşmür. Dünən dərmanlar göndərdik. Bununla ikinci dəfədir ki, iynə, dərmanlar göndəririk. Amma səhhəti yaxşılaşmır. Sonuncu dəfə mənimlə iki gün öncə 5 dəqiqə halsız vəziyyətdə danışıb. Ondan sonra xəbərimiz yoxdur. Yəqin ki, vəziyyəti yaxşı olmadığına görə, zəng edə bilmir. Saxlanma şəraiti normaldır. Şikayətimiz yoxdur. Şəkidən Bakıya gətirildikdən sonra Şüvəlanda saxlanıldığı müddətdə İlqarın halı bir neçə gün pis oldu. Həm saxlanma şəraiti, həm də yemək baxımından. Ondan sonra zəiflədi və nəticədə xəstələndi”.

Hüquq müdafiəçisi İntiqam Əliyevin vəkili Cavad Cavadov heç biri yeniliyin olmadığını bildirdi: “Son durumu İntiqam bəylə görüşəndən sonra biləcəm. Hələki heç bir yenilik yoxdur. Gələn həftə görüşəcəm”.
Qeyd edək ki, noyabrın 14-də Osloda 100 nəfərə yaxın azərbaycanlı siyasi məhbusa Saxarov mükafatının verilməsi onların işlərini nəinki yüngülləşdirib, hətta saxlanma rejimlərinin çətinləşməsinə səbəb olub. Belə ki, bu addım Azərbaycan hakimiyyəti tərəfindən sərt tənqid olunub.

Bununla bağlı İnsan Haqları üzrə İşçi Qrupunun üzvü Mirvari Qəhrəmanlının fikirlərini aldıq. Hüquq müdafiəçisi beynəlxalq aləmin bu mükafatı verməkdə məqsədinin məhbuslarımızın yanında olduqlarını nümayiş etdirmək olduğunu qeyd etdi: “Beynəlxalq aləm bu mükafatla demək istəyib ki, biz məhbuslarınızın yanındayıq, onlar unudulmayıb. Bunu ölkəmizə təsir vasitəsi kimi qiymətləndirə bilmərəm. Onu yaxşı qiymətləndirirəm ki, bu insanların yanında olduqlarını göstərdilər. Bu mənəvi dəstəkdir. Bütün proseslər sonda ölkə daxilində həll olunmalıdır. Ayrı-ayrı fərdlərin fikirləri ilə demək olmaz ki, hamı eyni cür fikirləşir. Mən müsbət düşünürəm. O məhbusların içərisində xəstələri var. 


İşçi Qrupunda bunların hamısı müzakirə olunub. Xəstə məhbusların taleyi bizi də çox narahat edir. Hər şeydən əvvəl onların içərisində həmkarlarım var. Düşünürəm ki, onların həbsi qanunsuzdur. Biz çalışırıq ki, ilk növbədə xəstə məhbusların məsələsini qaldıraq. Adlarını çəkmək düzgün deyil. Çünki cəmiyyətdə mübahisə yarada bilər. Amma səmimi olaraq deyirəm ki, xəstə və bütün siyasi məhbusların məsələsi qaldırılıb. Çox çalışırıq ki, onların xəstəliyini sübut edəcək çoxlu sayda arayış təqdim olunsun. Narahatçılıq yaradan yeganə amil odur ki, cəmiyyətə İşçi Qrupuna etimadsızlıq göstərmək kimi fikirlər aşılayırlar. Hətta deyirlər ki, xəstəliklərlə əlaqədar bu qrupa arayış da verilməsin. Çox istərdim ki, xəstəlik problemi olan bütün məhbuslarımız İşçi Qrupuna arayış təqdim etsinlər”. musavat /

Google+ WhatsApp ok.ru