Tovuzda dolu yağışı ağır fəsadlar törədib

Tovuzda dolu yağışı ağır fəsadlar törədib

Sakinlər bildirir ki, 1970-ci illərdən bəri bu cür dolu yağdığını görməyiblər...
 
İyunun 10-da Tovuz rayonunun bir neçə kəndinə dolu düşüb. Təxminən yarım saat davam edən dolu yağışı rayonun Qaraxanlı, Xatınlı, Qədirli, Əlimərdanlı, Mülkülü və digər kəndlərində fəsadlar törədib. Dolu yağışı nəticəsində kəndlərin əkin-biçin sahələrinə, şəxsi təsərrüfatlara ciddi ziyan dəyib.
 
Bu barədə “Yeni Müsavat”a Tovuz sakini Fikrət Məmmədov məlumat verib. Onun sözlərinə görə, dolu nəticəsində kəndlərdə yerləşən demək olar ki, bütün evlərin dam örtüyü ciddi zədələnib.
 
Kənd sakinlərinin toyuq-cücə təsərrüfatının da dolu nəticəsində məhv olduğu məlum olub. Həyətlərdəki avtomobillərin ön və arxa şüşələri aramsız yağan dolunun ağırlığına tab gətirməyib. F. Məmmədov bildirib ki, rayonun Əlimərdanlı kəndində bir nəfər kənd sakini də dolu yağışı nəticəsində yaralanaraq, xəstəxanaya aparılıb:
 
“Hələ indiyə qədər belə bir halın şahidi olmamışam. Çox qəribədir ki, adətən dolu yumru olduğu halda, Tovuzun kəndlərinə yağan iri və kələ-kötür idi. Əhalinin xeyli sayda toyuq-cücəsi, qazı məhv olub və ümumilikdə, kənd təsərrüfatına ciddi zərər dəyib. Camaatın kartof sahələri də məhv olub. Mənim yaxın qohumumun 50 şiferi deşik-deşik olub. 1970-ci illərdən sovetlər dağılana qədər bir sistem fəaliyyət göstərirdi. Həmin vaxtı Tovuza 5 yerdə uzaqvuran top qoymuşdular və qara bulud gəldiyi zaman onu toplar vasitəsilə vururdular. Eləcə də bulud bir kəndin üzərindən keçəndə, digər kənddəki topla vurub, həmin buludu dağıdırdılar. Nəticədə isə elə olurdu ki, heç yağış da yağmırdı. Artıq Gürcüstanda bu cür sistem qurublar və orada dolu yağmır. Bizdə də bu cür hadisələrin qarşısını almaq üçün həmin doludağıdan sistemi qurmaq lazımdır. Camaata külli miqdarda ziyan dəyib. Kənd camaatı ümidini məhsula bağlamışdı, məhsul da məhv oldu. İnsanlar evlərini sığortalamadığı üçün belə məqamlarda ödəniş də ala bilmirlər”.
 
Ekoloq Telman Zeynalov hadisə ilə bağlı “Yeni Müsavat”a bildirib ki, məsələnin Rusiya ilə də əlaqəsi var:
 
“Əvvəllər iyun ayında camaat istinin əlindən getməyə yer axtarırdı. İndi isə gördüyünüz kimi, dolu yağır. Deyərdim ki, silahdan istifadə olunur. Əslində bəzi ölkələr Rusiyada dolu yağdırmaq istəyirlər, Tovuz da şimalda yerləşdiyi üçün orada da dolu yağır. 60 ildir ki, elmi işlə məşğulam, ancaq indiyə qədər görməmişəm ki, hər hansı atmosferdə müsbətlə mənfi təzyiq üst-üstə düşsün. Dünyada belə hal olmayıb. Sadəcə olaraq, bunu süni formada yaradırlar və nəticəsi də göz qabağındadır. İri dolu yağırsa, bununla hər hansı formada mübarizə aparmaq olmaz. Belə bir vəziyyətdə əhali mütləq ziyan çəkir. Ancaq məsələn, şaxtanın zərərinin qarşısını almaq olar. Belə ki, axşamüstü əkinin ətrafında ocaq qalayırsan və tüstü artıq şaxtanın zərərinin qarşısını alacaq. Məhsul da bu üsulla qorunacaq. Dolunun qarşısını isə sovet dönəmində xüsusi toplar vasitəsilə alırdılar. İndi də artıq dövlət bu kimi hadisələrin qarşısını almağı düşünməlidir. İyun ayının ortalarıdır, ancaq dənizdə çimmək mümkün deyil. Çünki su hələ də soyuqdur. 1954-55-ci illərdə camaat Xəzər dənizində artıq mart ayından etibarən çimə bilirdi. O dövrdə havalar çox isti idi. İndi isə soyuqlaşma prosesi gedir. Hər 70-80 ildən bir havalar soyuyur. Bu, artıq qanundur.
 
Təbiətin qanunlarına isə müdaxilə etmək mümkün deyil. Qasırğa, tufan kimi hadisələri yüngülləşdirmək üçün yalnız silahdan istifadə etmək mümkündür. Əgər Şimali Qafqazda dolu, qar yağırsa, bu, bizə də təsir edir. Dövlət artıq bu məsələyə əncam qılmalıdır. Nəticədə isə əziyyəti xalq çəkir. Bu kimi hadisələrdən sonra məhsulların da qiyməti bahalaşacaq”.
 
Onu da qeyd edək ki, rayon icra hakimiyyətindən bildiriblər ki, hazırda dolunun vurduğu ziyanın müəyyənləşdirilməsi və fəsadların aradan qaldırılması istiqamətində iş aparılır. /

Google+ WhatsApp ok.ru