Toyuq əti, kərə yağları bahalaşıb

Toyuq əti, kərə yağları bahalaşıb

-- Yanvar-may aylarında

Yanvar-may aylarında ölkənin istehlak bazarında mövcud olan qiymətlər açıqlanıb.
 
Maide.Az "Foodinfo.az"-a istinadən bildirir ki,  Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu müddətdə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6 faiz bahalaşıb.
 
Mayda aprel ayına nisbətən ərzaq məhsullarının qiymətləri 1,3 faiz ucuzlaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 1,6 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb. Ümumilikdə, istehlak məhsullarının və xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə sabitdir.
 
Ay ərzində unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal və qoyun ətinin, yumurtanın, marqarin və qarğıdalı yağlarının, bananın, çiyələyin, pomidorun, xiyarın, sarımsağın, soğanın, kartofun, şəkər və şəkər tozunun, şokolad məmulatlarının qiymətlərində ucuzlaşma, toyuq ətinin, zeytun və kərə yağlarının, almanın, yerkökünün, göyərtinin, qəhvə və çayın qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişiklik baş verməyib.
 
May ayında aprelə nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən paltar və ayaqqabı təmirinin, mənzillərin icarə haqqının, stomatoloji xidmətlərin, avtomobil təmirinin, dəmiryol nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətinin, respublika daxilində istirahət turlarının, kafelər tərəfindən yeməklə təmin edilmə xidmətlərinin qiymətlərində bahalaşma, dəmiryol nəqliyyatı ilə respublika daxilində sərnişindaşıma xidmətinin, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətinin, respublikadan kənara istirahət turlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub.
 

Google+ WhatsApp ok.ru