Toyuq əti və yumurta niyə bahalaşır?

Toyuq əti və yumurta niyə bahalaşır?

"Bizimyol.info"da  "Yumurta və toyuq əti kəskin bahalaşıb" sərlövhəli məqalə diqqət cəlb edir.
 
Müəllif ölkədə yumurta və toyuq ətinin bahalaşması səbəblərini araşdırır.
 
Müəllif deyir ki, Azərbaycanda yumurtanın və toyuq ətinin qiyməti qalxıb: "Yay mövsümünün əvvəlində 8-9 qəpiyə satılan yumurta indi 14-16 qəpiyə təklif edilir. Toyuq ətinin bir kiloqramı isə 6 manata (əvvəl qiymət 3 manat 80 qəpiklə 4 manat 50 qəpik arasında dəyişirdi) yüksəlib".
 
Yazı müəllifi vurğulayır ki, Dövlət Statistika Komitəsi də iyun ayı ərzində toyuq ətinin, yumurtanın qiymətinin qalxdığını açıqlayıb və bundan da irəli gələrək, bahalaşmanın səbəblərinin tapılmasına zərurət yaranıb.
 
Müəllif deyir ki, Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev ölkədə yumurtanın və toyuq ətinin qiymətinin artmasını quş yeminin qiymətinin bahalaşması ilə əsaslandırıb.
 
Məqalədə deyilir ki, A.Vəliyev yemin qiymətinin bahalaşması ilə əlaqədar istehsalçıların da məhsullarının qiymətini qaldırmağa məcbur olduqlarını söyləyib: "İyun ayı biçin olduğu üçün bazarda yem azalır. Köhnə yemin qiyməti qalxır, yəni istehsalçılar bu müddətdən istifadə edirlər. Yem komponentlərinin dəyərindəki artım yumurtanın maya dəyərinə təsir edir".
 
Müəllifin sözlərinə görə, Quşçular Cəmiyyətinin sədri ölkənin broyler təsərrüfatının 60 faizinin xaricdən asılı olduğunu bildirib və ölkəyə idxal edilən yemin 80 faizinin xaricdən gətirildiyini açıqlayıb.
 
Cəmiyyət sədrinin sözlərinə görə, yüksək kalorili yem hesab edilən soyanın bir tonu 900 manatdan 1400 manata yüksəlib.
 
Müəllifin bildirdiyinə görə, A.Vəliyev problemin bununla yekunlaşmadığını da nəzərə çatdırıb, qarğıdalının bir tonunun 350 manatdan 450 manata yüksəldiyini söyləyib.
 
Məqalə müəllifinin sözlərinə görə, A.Vəliyev bu bahalaşmanı təəssüflə yem idxal etdikləri tərəfdaşlarının "mövsümi amillərdən istifadə etməsi" kimi dəyərləndirib.
 
Müəllif deyir ki, cəmiyyət sədri yumurtanın qiymətində artımın müvəqqəti xarakterli olduğunu xüsusi vurğulayıb.
 
Müəllif isə deyir ki, normal halda yayda yumurta və toyuq ətinə tələbat azaldığı üçün qiymətlər nəinki bahalaşmamalı, əksinə aşağı düşməli idi. (contact.az)

Google+ WhatsApp ok.ru