TQDK 11 illik bazadan kolleclərə və ali məktəblərə qəbulla bağlı əlavə qaydaları açıqlayıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən Maide.az-a verilən xəbərə əsasən, müraciətdə 11 illik bazadan kolleclərə və ali məktəblərə qəbulla bağlı bəzi əlavə məlumatlar açıqlanıb. Bildirilib ki, 11 illik bazada kolleclərə (texnikumlara) qəbul olmaq istəyən və orta məktəbi 2015-ci ildə bitirən abituriyentlər buraxılış imtahanının nəticələrinə əsasən müsabiqədə iştirak edə bilərlər. Orta məktəbi əvvəlki illərdə bitirən və yalnız kolleclərin müsabiqəsində iştirak etmək istəyən şəxslər də eksternat qaydada buraxılış imtahanında iştirak edə və buraxılış imtahanının nəticələrinə əsasən kolleclərin müsabiqəsində iştirak edə bilərlər. Ancaq həm ali təhsil müəssisələrinin, həm də kolleclərin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı ərizə verib müvafiq ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında iştirak etməlidirlər. Ali təhsil müəssisələrinə qəbulun nəticələri elan olunduqdan sonra həmin abituriyentlər kolleclərin müsabiqəsində iştirak edə bilərlər.
 
Qeyd olunub ki, bu haqda daha ətraflı məlumat "Abituriyent" jurnalının gələn ilin əvvəllərində nəşr olunacaq 1-ci sayında dərc olunacaq.

Google+ WhatsApp ok.ru