`Tramp dünya üçün təhlükəyə çevrilir` - İddia

`Tramp dünya üçün təhlükəyə çevrilir` - İddia

Hər çıxışından müharibə saçan prezidentin arxasında hərbi sənaye kompleksinin dayandığı iddia edilir
 
ABŞ prezidenti Donald Tramp son zamanlar demək olar ki, bütün çıxışlarında müxtəlif dövlətləri sərt şəkildə hədələyir. Amerikanın yeni prezidentinin çıxışlarından sanki müharibə alovu yağır. Aqressiya, hədə sürətlə artmaqdadır. Vəziyyət bu şəkildə davam edəcəksə, D.Trampın dünya üçün get-gedə təhlükəyə çevrilməkdə, dünyanı böyük müharibəyə sürükləməkdə olduğunu söyləmək mümkündürmü?
 
Politoloq Əhəd Məmmədli hesab edir ki, Donald Tramp fərqli siyasi tiplərdəndi və hər gün dünya buna bir daha əmin olur. Bu, əvvəlcədən aydın məsələ idi ki, Tramp hakimiyyətə gəlsə ənənəvi amerikan siyasəti dəyişə bilər: “Ənənəvi amerikan siyasəti üzdə gülüb, arxada fərqli işlər çevirməkdir. Donald Tramp isə arxada deyil, elə üzdə işlər çevirəcəyini, nə edəcəyini, kimlərə qarşı necə düşüncədə olduğunu açıq bəyan edir. Əslində Tramp kifayət qədər ağıllı adamdır ki, Amerikanı böyük müharibəyə sürükləməsin. İkincisi, Amerika ilə böyük müharibə edəcək hazırda dövlət də yoxdur. Trampın prezident seçilməyinə ən çox sevinən Rusiya olmuşdu, ruslar indi də ümidlidir Trampla normal münasibətlər qurmağa. Ancaq Tramp da hər bir ABŞ prezidenti kimi ölkəsinin maraqlarını heç kəsə qurban verən deyil. Sadəcə, bunu daha açıq siyasətlə büruzə verir. Bu da Tramp ənənəvi amerikan siyasi liderlərindən olmadığı üçün belədir. Qərb və dünyada Ərdoğan, Putin, Tramp tipli siyasətçilər dəbi müəyyənləşməyə başlayıb. Bu cür gedişata da hər kəs hazır olmalıdır”.
 
AMİP katibi Əli Orucov isə hesab edir ki, Trampın yürütdüyü siyasətdən belə nəticəyə gəlmək olar ki, onun arxasında duran güc ABŞ-ın hərbi sənaye kompleksidir.
 
Hərbi sənaye kompleksinin istəyi ilə Ağ Ev ənənəvi siyasətini və diplomatiyanı ikinci plana keçirib. Ona görə də Trampın prezident seçilməsindən qısa sürə sonra beynəlxalq siyasət və qlobal problemlər bir qədər də gərginləşməkdədir, silahlara daha çox ehtiyac yaradılır: “Hətta ABŞ-ın öz müttəfiqləri ilə də sərt tonda siyasətə keçdiyini müşahidə edirik. Xüsusən Almaniya ilə ABŞ arasında münasibətlər müttəfiqlikdən daha çox rəqabətə söykənməkdədir. Ağ Ev Avropa Birliyinin yenilənməsinə və möhkəmlənməsinə də isti yanaşmır. Ənənəvi rəqibləri olan Rusiya və Cinlə gərginlik, geopolitik ziddiyyətlər təhlükəli hal alıb. Hətta bəzi regionlarda, xüsusən də Fars körfəzində Suriyada, Rusiya və Cənubi Cin dənizində Cinlə yaranmış fikir ayrılıqları və dünyanın yenidən bölüşdürülməsi uğrunda artan ziddiyyətlər ABŞ rəhbərliyini daha da aqressivləşdirib. Tramp ABŞ-ın beynəlxalq siyasətdə getdikcə zəifləyən mövqelərini zorakı üsulla, silahla qaytarmaq xətti sərgiləyir. Eyni zamanda daxili basqılar artdıqca, ona qarşı aparılan araşdırmaların miqyası böyüdükcə çıxış yolu və diqqəti yayındırmaq üçün bəzi avantüraya əl ata bilər. Lakin Trampın qırmızı xətti keçməsinə, ABŞ-ın özünün milli maraqlarına ciddi zərbə vura biləcək addımlar atmasına imkan verilməz. Baxmayaraq ki, çağdaş dünyamız barıt çəlləyinə çevrilib, lakin bu, partlayışla nəticələnsə ABŞ-ın da bundan xilası və ziyan çəkməyəcəyi mümkün deyil”. (musavat)

Google+ WhatsApp ok.ru