Trampın məxfi materiallarla işləmək qabiliyyəti şübhə altına alınır

Trampın məxfi materiallarla işləmək qabiliyyəti şübhə altına alınır

Qərb mətbuatı ABŞ prezidentini Rusiyaya verdiyi məlumatlara görə qınayır
 
Dünya mətbuatı ABŞ prezidentinin Rusiya rəsmiləri ilə görüş zamanı məxfi məlumatı paylaşmasını müzakirə edir.
Musavat.com xəbər verir ki, Ağ Evin rəhbəri bu hərəkəti ilə həm öz ölkəsinin, həm də azad dünyaya mənsub digər dövlətlərin siyasət ekspertlərinin tənqid hədəfinə tuş gəlib.
 
“Prezident Tramp İŞİD-lə bağlı kəşfiyyat məlumatlarını ötürən mühüm bir mənbəni təhlükə altına qoyub”, The Washington Post qəzeti yazır.
Qəzetin yazdığına görə, prezidentin Rusiyaya bəlli etdiyi məlumat ABŞ-ın partnyoru tərəfindən kəşfiyyat məlumatlarının mübadiləsi mexanizmi çərçivəsində ötürülən informasiya olub. Həmin məlumatların detalları müttəfiqlərə belə açıqlanmır. Bu cür kəşfiyyat informasiyalarına isə hətta daxili çıxış imkanı olduqca məhduddur və hökumətdə olduqca dar dairənin onu almaq hüququ var.
Bundan başqa, informasiyanı verən partnyor ABŞ hökumətinə onu digərləri ilə bölüşməyə icazə verməyib.
 
“Bütün bunlar hamını şok vəziyyətə salıb. Tramp, deyəsən, hələ kəşfiyyat məlumatları və milli təhlükəsizlik məsələləri ilə bağlı aydın təsəvvürə malik deyil və buna olduqca etinasız yanaşır”,- xüsusi xidmət orqanlarında çalışan yüksək rütbəli məmurlardan biri qəzetə söyləyib.
Ekspertləri həmçinin Trampın ABŞ-ın kəşfiyyat üzrə müttəfiqinin təhlükə aşkar etdiyi, İŞİD tərəfindən nəzarət edilən şəhərin adını Rusiyaya verməsi narahat edir.
 
“Rusiya bu məlumatdan ABŞ-ın partnyorunu və ya bölgədə kəşfiyyat potensialını aşkar etmək üçün istifadə edə bilər”, - məqalədə yazılır.
 
“Prezident tərəfindən kəşfiyyat məlumatının ötürülməsi əslində qeyri-qanuni görünmür. Onun bütün məlumatların məxfiliyini aradan qaldırmağa belə hüququ var. Lakin həmin informasiyanı çatdıran müttəfiqin razılığı olmadan onu başqaları ilə paylaşmaq casusluq sahəsində etika normalarının pozulması hesab edilir və kəşfiyyat məlumatlarının mübadiləsi sahəsindəki münasibətlərə olduqca mənfi təsir göstərir”,- The New York Times qəzetindən Metyu Rozenberq və Erik Şmitt yazır.
 
“Tramp bu hərəkəti ilə dövlətin partnyorunu qəzəbləndirməklə qalmayıb, həm də ABŞ-ın məlumatların məxfiliyini qorumaq qabiliyyətini sual altında qoyub. Bundan başqa, bu epizod prezidentin ilk dəfə gerçəkləşdirəcəyi xarici səfərinin effektivliyinə kölgə salır”,- müəlliflər onun cümə günü Səudiyyə Ərəbistanı, İsrail, İtaliya və Belçikaya edəcəyi səfəri xatırladırlar.
 
Jurnalistlərin fikrincə, bu hadisə Trampın rusiyalı dövlət adamları ilə hər görüşünə təhlükəsizlik orqanlarının diqqətini artıracaq.
 
“Əgər prezident Donald Tramp həqiqətən ruslara gərəyindən çox informasiya paylaşıbsa, bu, ABŞ-ın İŞİD-lə mübarizəsinə olduqca mənfi təsir göstərəcək. Prezidentin bu hərəkəti onun məxfi məlumatlarla işləmək qabiliyyəti ilə bağlı yeni suallar yaradır”, - nüfuzlu Politico saytının yazarı Brayan Bender kəşfiyyat üzrə ekspertlərin də rəylərindən istifadə edərək yazır.
 
“Xəbər doğrudursa, belə çıxır ki, bu oğlana (Trampa-red.) nəzarət etmək mümkün deyil”, Corc Buş (kiçik-red) dövründə Dövlət Departamentinin kəşfiyyat üzrə yüksək rütbəli əməkdaşı olan Ueyn Uayt Politico-ya bildirib.
 
“Bu ölkənin kəşfiyyat birliyi üçün əsl kabus ssenarisidir”, - MKİ-inin keçmiş zabiti və Barak Obama dövründə Milli Təhülkəsizlik Şurasının üzvü olmuş Ned Prays qeyd edib.
 
Kiçik Buş zamanında Dövlət Departamentinin yüksək vəzifəli məmurlarından olan Eliot Koen isə xəbəri “olduqca dəhşətli” adlandırıb. “Bu hadisə hər hansı bir adamı işdən qovmaq üçün əsasdır. Qəsdən törədilməsi isə vətənə xəyanət sayılır”, - Koen fikrini ifadə edib.
 
Əgər ABŞ prezidenti tamamilə məxfi məlumatları Rusiyaya ağzından qaçırıbsa, bu, Almaniya hökumətini də ciddi düşündürməlidir”, -Almaniyanın Sueddeutsche Zeitung qəzetinin icmalçısı Torsten Denkler yazır.
 
“Ümumiyyətlə, Tramp hakimiyyətə gələndən sonra Almaniyada ABŞ-la xüsusi xidmət orqanları sahəsində əməkdaşlığın davam etdirilib-etdirilməməsi üzərində yenidən düşünülməyə başlanılıb”, - jurnalist qeyd edir.
 
“Rusiya ilə bağlı məsələdə təkübbürlü və həvəskar münasibət prezident Trampı məhv edir,” -The Washington Post-u yazarı Aaron Bleyk yazır.
 
Müəllif Rusiyanın Suriayda üstünlük yaratmasına köməklik edəcək infromasiyanı təqdim olunmasının Trampın etdiyi ən bərbad hərəkət olduğunu qeyd edir.
 
“Həm FTB-nin keçmiş direktoru Ceyms Kominin olduqca bəsit bəhanələrlə qovulması, həm də Rusiyaya tam məxfi məlumatların verilməsi artıq bir məsələni tamamilə aydınlığa qovuşdurub: “Bu prezident ayaqlarının arasından atəş açmağı sevir. Doğrudur, arada o hədəfi vura da bilir. Lakin bu cür macəralar vaxtilə namizəd Trampa müəyyən anlarda uğur gətirsə də, prezident Trampa böyük problemlər yarada bilər”, - müəllif qeyd edir. /

Google+ WhatsApp ok.ru