Türkiyədə prezident seçkilərinin birinci turu sabah keçiriləcək

Türkiyədə bu gün prezident seçkilərindən əvvəl sükut günüdür. Ali Seçki Komissiyasının qərarına əsasən, avqustun 8-dən 9-a keçən gecə saat 00:00-dan etibarən istənilən seçkiqabağı təbliğat-təşviqata qadağa qüvvəyə minib. Seçkilərdə 3 namizəd mübarizə aparacaq. Hakim Ədalət və İnkişaf Partiyasından hazırki Baş nazir Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyası və Milliyətçi Hərəkat Partiyasını müxalifətin birgə namizədi Ekmələddin İhsanoğlu, Xalq Demokratik Partiyasını isə Səlahəddin Dəmirtaş təmsil edir. Ekmələddin İhsanoğlu daha 3 partiyanın - Demokratik Solçular, Müstəqil Türkiyə və Demokratlar Partiyasının da dəstəyini qazanıb. İctimai rəy sorğuları isə iqtidarın namizədi Rəcəb Tayyib Ərdoğanın şansının daha yüksək olduğunu göstərir. Prezident seçkilərinin birinci turu avqustun 10-da keçiriləcək. Qələbə üçün namizədlərdən biri səslərin 50%-dən çoxunu qazanmalıdır.

Google+ WhatsApp ok.ru