Türkiyəli deputatdan həyəcan siqnalı: “İŞİD-i bizə qarşı yönəldəcəklər”

Xəbər verdiyimiz kimi, ötən həftənin sonunda, iyun ayında İraqda “İslam dövləti” (keçmiş İŞİD) tərəfindən əsir götürülən Türkiyə vətəndaşları azad edilib. Əvvəlcə Türkiyə kəşfiyyatı onları sərhəddə qarşıladı, Şanlıurfaya gətirdi. Məsələ Türkiyə üçün o qədər əhəmiyyətli idi ki, hətta əsirlərlə görüşmək üçün Türkiyənin Bakıda səfərdə olan Baş naziri Əhməd Davudoğlu TANAP-ın Azərbaycan hissəsinin təməlqoyma mərasimində iştirak etmədən, ölkəsinə qayıtdı. 

İŞİD terrorçularının varlığı və baş verən vandalizm aktları bölgədəki prosesləri hansı məcraya yönəldəcək? Əslində İŞİD kimlər tərəfindən yaradılıb və idarə olunur? Bundan əlavə, Türkiyə vətəndaşlarının azad edilməsi rəsmi Ankaranın İŞİD-ə qarşı qismən neytral mövqeyində hansısa dəyişikliyə səbəb olacaqmı? Bu məsələlər ətrafında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkili Mücahit Fındıklı və Rusiya İslam Komitəsinin rəhbəri Heydər Camal “Bizim Yol”a öz fikirlərini açıqlayıblar. 

“Məsələnin arxasında ingilis barmağı var”
 
Türkiyəli deputatın sözlərinə görə, əgər “İslam dövləti”ni yalnız terrorçu bir təşkilat kimi qələmə versək, onda bu təşkilatın real tərifini, mahiyyətini tam açıqlamamış oluruq: ““İslam dövləti” vəhşilik edən, ciddi resurslara malik terror dəstəsi ola bilər, amma onun fəaliyyət göstərdiyi bölgədə yaşayan xalqların onlara ciddi dəstək verməməsini, təəssüf ki, söyləyə bilmərik. Ortada bir kin, nifrət partlaması var. Amma bu kinin və nifrətin arxasında da, necə deyərlər, bir ingilis barmağı var. Nə deməkdir bu “ingilis barmağı”? Toplumun çoxluq olaraq hansı məqsədə doğru getdiyini görür, amma bunun qarşısını ala bilmirsən. Amma eyni məqsədə doğru getdiyini elan edən elə bir vəhşi qurum yaradırsan ki, toplum o qrupun qəddarlığını görüb, sözügedən məqsədə getməkdən də çəkinsin. “İslam dövləti” də bu məqsədlə yaradılıb. Hamı bilir ki, onların etdikləri İslama tam ziddir. İslamda belə savaş metodları yoxdur. Nəticə nədir: ölən müsəlman, öldürən müsəlman, müsəlman coğrafiyasında xaos güclənir, əhalinin yaşayış səviyyəsi düşür. 
 
Türkiyənin Şimali İraqla 50 illik neft anlaşması var. Biz onların neftini Ceyhana qədər gətirir, ordan isə Avropaya çıxarırıq. Bu ciddi şəkildə həm ingilisləri, həm digər avropalıları, xüsusən də almanları narahat edir. Bu kontraktın illik qazancı 36 milyard dollardır və İraq deyir ki, bu pullar Türkiyəyə məxsus “Halk Bankası”nda qalsın. Bu məbləğ banka oturan kimi, “Halk Bankası” dünyanın 5 iri bankı sırasında olacaq. Bu qədər pulları ələ keçirmək istəyən beynəlxalq güclər var. Kürdlərin lideri Bərzani də bu pulların ABŞ-da olmasını istəmir. O deyir ki, “ABŞ ona lazım olanda bizə təzyiq üçün bu pullardan istifadə edə bilər, öz hesabına keçirər”. Necə ki, İranın pullarını mənimsədi. Odur ki, məsələnin arxasında nələrin durduğunu bilmək lazımdır. İŞİD birdən-birə yaranmadı və bu gün də müəyyən qüvvələr tərəfindən dəstəklənir. Ondan Türkiyəyə qarşı istifadə etmək təhlükəsi də davam edir. Əslində, əsas hədəfdə bölgənin aparıcı dövləti olan Türkiyədir, Qərb bizi çökdürmək istəyir, gücləri yetsə, İŞİD-i bizə qarşı yönəltməyə çalışacaqlar, bəlkə də son hadisələri fürsət biləcəklər. Amma Türkiyəyə qarşı heç bir çirkin niyyətlərinə nail olmayacaqlar”. 
 
“Qərb Ankaran terrorçularla işbirliyində ittiham edir”
 
Heydər Camal isə situasiyanı göründüyündən daha təhlükəli hesab edir: “Qərb Türkiyəni gizlicə “İslam dövləti” ilə danışıqlarda, onlardan neft alınmasında ittiham edir. Bu neftə görə verilən pullar isə, Qərbin fikrincə, terrorçuların mövqelərini möhkəmlədir. Bəzi məlumatlara görə, İŞİD-in neft satışından gəlirləri yüz milyon dollarlarla ölçülür. Bundan əlavə, Qərb Ankaranı terrorçuları öz ərazisində gizlətməkdə də ittiham edir. Ankara buna etiraz etsə də, hələ ki, siyasi mübarizə davam edir. 
 
Nəzərə alın ki, Prezident Ərdoğanın sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında Türkiyənin ABŞ-ın terrorçulara qarşı yaratdığı beynəlxalq koalisiyaya köməklik göstərəcəyi vurğulanıb. Türkiyə “İslam dövləti” ilə mübarizə çərçivəsində öz kəşfiyyat məlumatlarını koalisiya ilə bölüşməyə hazırdır. Amma hələ ki, Türkiyənin köməyi bundan ibarətdir və Türk əsgərlərinin hərbi əməliyyatlarda iştirakı nəzərdə tutulmur. 
 
49 türk vətəndaşının İŞİD tərəfindən azadlığına nail olmaq Türkiyə dövləti üçün prinsipial məsələ idi. Əsir vətəndaşlarının həyatından narahat olan, habelə Suriya ərazisindən Türkiyəyə keçəcək qaçqın ordusundan narahatlıq ifadə edən Ankara İncirlik hərbi bazasından ABŞ-ın hərbi əməliyyatlar üçün istifadə etməsinə icazə vermədi. Bu baza əməliyyatın yalnız loqistik məqsədləri üçün istifadə olunur. 
 
Qərb Türkiyəni İŞİD-ə qarşı mübarizədə daha aktiv olmağa çağırır, amma Ankara tələsmir. Və türklərin də öz şərtləri var. İlk növbədə Suriya ilə sərhəddə bufer-zona yaradılmasını istəyir. Bu zonaya havadan zərbə məqamında Suriyadan gələn qaçqınlar yerləşdirilə bilər. Rəsmi məlumata görə, bu gün Türkiyədə 1,3 milyon, qeyri-rəsmi isə 2 milyon Suriyadan gələn qaçqın var. Türkiyə iqtisadiyyatı yeni bir qaçqın dalğasına tab gətirməyə bilər. 
 
Qərb deyir ki, Türkiyə öz sərhədlərini yaxşı qorumur, amma Suriya ilə sərhədin uzunluğu 910 kilometrdir və bu boyda ərazinin hər metrinə sərhədçi qoymaq qeyri-realdır. Düzdür, indi Türkiyə sərhəddə qoşunları konsentrasiya edir. Çünki ABŞ-ın aviazərbələrindən qaçan “İslam dövləti”nin terrorçuları Türkiyə sərhədini yarmağa cəhd edə bilər. Odur ki, yeni postlar yaranır və bölgəyə ağır artilleriya cəlb edilir. 
 
Maraqlıdır ki, “İslam dövləti”nin yaranması bütün regionda iqtisadi tənəzzülün əsasını qoydu. Və terrorçularla, guya ki, məxfi danışıqlarda ittiham olunan Türkiyə İŞİD-in yaranmasından ən çox əziyyət çəkən dövlətlərdən biridir. Sanki müəyyən qüvvələr istənilən yolla Türkiyəni zəiflətməyi, yaxud çökdürməyi qarşılarına məqsəd qoyublar. İŞİD bu siyasətin bir halqasıdır”. 

Google+ WhatsApp ok.ru