Türkiyədə müalicə olunan yaralı hərbçimiz xəstəxanadan çıxdı

Avqustun 9-dan Türkiyədə müalicə olunan Azərbaycan Milli Ordusunun daha bir yaralı hərbçisi xəstəxanadan çıxarılıb. 
 
Maide.az xəbər verir ki, bu, qarın nahiyəsindən ağır güllə yarası almış 23 yaşlı gizir Elvin Əsgərovdur. 
 
Elvin xəstəxanadan buraxılsa da, onun Azərbaycana nə vaxt qayıdacağı dəqiqləşməyib. Türkiyə Cümhuriyyəti Baş Nazirliyinə bağlı olan TİKA təşkilatının dəstəyi sayəsində Ankaradakı Atatürk Təhsil və Araşdırma Xəstəxanasında müalicəsini başa vuran Elvin Əsgərov hazırda qardaş ölkənin paytaxtında reabilitasiya kursu keçir.
 
Elvin Əsgərov bu il iyulun 31-də gecə saatlarında cəbhənin Goranboy istiqamətindəki döyüşlərdə ağır yaralanıb. O, həqiqi hərbi xidmətini başa vurandan sonra öz istəyi ilə manqa komandiri kimi Goranboyda müddətdən artıq hərbi xidmət keçirdi.
 
E.Əsgərov Sabirabad rayonunun Güdəzühür kəndindəndir. Hərbçimiz müalicəsini bitirəndən sonra yenə döyüş bölgəsinə getmək istəyir.
 

Google+ WhatsApp ok.ru