Türkiyədə Xocalı soyqırımı ilə bağlı böyük tədbir keçiriləcək

Türkiyədə Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlərin keçirilməsi planlaşdırılır. Qondarma “erməni soyqırımı” şoularını darmadağın etmək üçün Xocalı həqiqətlərinin yayılması qardaş ölkənin də ciddi maraq dairəsindədir. 
 
İHH İnsani Yardım Vəqfinin təşkilatçılığı ilə fevralın 21-də İstanbulda Xocalı simpoziumu keçiriləcək. Simpoziumun plenar iclasında qurumun rəhbəri Bülənt Yıldırım, Azərbaycanın İstanbul baş konsulu Həsən Zeynalov, Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş, azərbaycanlı millət vəkilləri Məlahət İbrahimqızı və Jalə Əliyeva çıxış edəcəklər. Sonra Aygün Həsənoğlu, Aqil Ələsgər, Nevzat Çiçəyin sədrliyi ilə bölmə iclasları keçiriləcək. 
 
Bölmə iclaslarında QAT sədri Akif Nağı “Qarabağ məsələsi dünya münasibətləri sistemində”, millət vəkilləri Fazil Mustafa “Xocalı qətliamı hüquqi müstəvidə”, İlyas İsmayılov “Qarabağın gələcəyi və işğalın nəticələrinin aradan qaldırılması”, dr.prof. Gökmen Kılıcoğlu “Dağlıq Qarabağ məsələsinin gizli tərəfləri”, Kenan Alpay “İslam dünyasının Qarabağ məsələsinin həllində rolu”, QAT Ali Məclisinin üzvü İlqar İbrahimov “Türkiyənin Qafqaz siyasəti, bölgə ölkələri və Qarabağ məsələsi”, həmçinin digər müəlliflərin müxtəlif mövzularda məruzələrinin dinlənilməsi, qərarların qəbulu nəzərdə tutulur.
 
Qarabağ Azadlıq Təşkilatından aldığımız məlumata görə, tədbirdə həmçinin Qarabağ qazisi, QAT İdarə Heyətinin üzvü Tahir Bayramov, QAT-ın Türkiyə təmsilçiliyinin rəhbəri Cəfər Dal, Xocalı hadisələrinin şahidi Dürdanə Ağayeva, tədqiqatçı alimlər Hatəm Cabbarlı, Mehmet Əli Bolat, Xəlil Bal və digərləri iştirak edəcək.

Google+ WhatsApp ok.ru