Türkiyədən Azərbaycana mal göndərilməsi çətinləşib

30-a yaxın karqo şirkəti bu sahənin azərbaycanlı iş adamı tərəfindən monopoliyaya alınmasına etiraz edir

Türkiyədən Azərbaycana yük (karqo) daşınmasında ciddi problemlər yaranıb. Türkiyədə fəaliyyət göstərən və Azərbaycanla Rusiyaya yük daşınmasını təmin edən karqo şirkətlərinin dediyinə görə, problemin səbəbi azərbaycanlı iş adamının yaratdığı monopoliyadır. Şikayətlərə görə, “AzərbaycanÿTrans Broker” firmasının rəhbəri Əbülfəz Məlikov Türkiyədən ölkəmizə yük daşınmasını monopoliyaya alıb. Bu da işçi sayı 10 mindən artıq olan məlum şirkətlərin iflası, əməkdaşlarının işsiz qalması deməkdir.
 
Mətbuata açıqlamasında Azərbaycan-Rusiya Karqoçular Birliyinin nümayəndəsi Ibrahim Obut bildirib ki, hazırda Türkiyədə Azərbaycanla Rusiyaya yük daşıyan 30-a yaxın firma var. Bu firmalar on mindən artıq insanı işlə təmin edib, eyni zamanda hər il Türkiyə iqtisadiyyatına ÿmilyonlarla dollar həcmində xeyir verir: “Bu, Türkiyə iqtisadiyyatı üçün kifayət qədər ciddi gəlir mənbəyidir. Indi bu sahənin monopoliyaya alınması ölkə iqtisadiyyatına ciddi zərbə vuracaq. Azərbaycan hökuməti bizlərə qarşı bu qeyri-qanuni hərəkətə son qoymalıdır. Prezident Ilham Əliyevdən xahiş edirik ki, bizi bu monopoliyadan qurtarsın”.
 
Problemlə üzləşən karqo şirkətlərinin işçiləri bu yaxınlarda Azərbaycanın Istanbuldakı Baş Konsulluğu qarşısında etiraz aksiyası keçirmişdilər. Azərbaycan bayrağına sarılan aksiyaçılar Ilham Əliyevə də müraciət etmişdilər: “Yük daşınması Azərbaycandakı bəlli qaranlıq qüvvələrə həvalə olunur. Əbülfəz Məlikovun bizim qarşımızı bu cür kəsməsindən çox narahatıq”.
 
Etirazçılar sonda konsulluğa bəyanat da təqdim etmişdilər. Sənəddə qeyd olunurdu ki, 10 min adamı işlə təmin edən bu firmalar indi azərbaycanlı iş adamının yaratdığı əngəllər qarşısında çətin vəziyyətə düşüb: “Azərbaycana kargo daşınmasından əldə edilən gəlirin Əbülfəz Məlikovun Türkiyədə birÿ türk vətəndaşı ilə ortaq qurduğu şirkətə verilməsi tapşırığı olub. Bu da Türkiyədəki məlum karqo şirkətlərinin olduqca pis vəziyyətə düşməsi deməkdir. Bununla əsla razılaşmırıq və etirazımızı bildiririk. Azərbaycan hökuməti məsələ ilə bağlı təcili tədbir görməlidir”.
 
Vəziyyətin hələ də düzəlmədiyini bildirən Türkiyə vətəndaşları Azərbaycan hökumətinə müraciət və şikayətlərini davam etdirir, ölkə rəhbərliyindən məsələyə təcili reaksiya gözləyirlər.

Google+ WhatsApp ok.ru