Türkiyənin bir çox şəhərində terror hadisələri baş verdi - FOTOLAR

Ötən gün Türkiyədə 30 nəfərin ölümü ilə nəticələnən terror hadisəsi bahanə olunaraq ölkənin bir çox yerində PKK terrorçuları və separatçı kürdlər təxribatyönümlü aksiyalar keçirməyə və bəzi yerlərdə terror hücumları törətməyə başlayıblar. ANS PRESS-in məlumatına görə, ölkənin şərqindən qərbninə qədər müxtəlif şəhərılərdə törədilən terror aktı zamanı çox sayda xəsarət alan olub. 
 
İstanbul şəhərində terrorçular ictimai nəqliyyata hücum edərək sürücüləri odlu silahla girov götürüblər. Sürücülərdən biri qaçaraq xilas olsa da digər sürücünün taleyi barədə məlumat verilməyib. Bundan sonra İstanbul Qazi məhəlləsi və Sarıyerdə polislə terrorçular arasında silahlı insident baş verib. Hadisə nəticəsində iki polis əməkdaşı ov tüfəngindən atılan qırma ilə yüngül yaralanıblar. İznsiz etiraz aksiyaları gecə boyu İstanbulun müxtəlif rayonlarında davam edib. 
 
 
Hərbçinin terrorçular tərəfindən yandırılan maşını istifadəyə yararsız hala düşüb
 
Şırnak vilayətində də Suruc hadisələri bəhanə edilərək iznsiz aksiya keçirilib. Cümhuriyyət prospektində 40-50 nəfərlik qrup barrikadalar quraraq qanunsuz şəkildə sürücülərin sənədlərini yoxlamağa başlayıblar. Terrorçuları görərək hadisə yerindən piyada qaçan bir hərbçinin avtomobili molotof kokteyli ilə yandırılıb. Yanğınsöndürənlər tərəfindən söndürülən maşın istifadəyə yararsız hala düşüb. 
 
 
 
Terrorçular traktor aparan yük maşınını yandırıblar
 
Diyarbəkirdə isə traktor aparan yük maşını terrorçular tərəfindən dayandırılaraq yandırılıb. Terrorçular yanğına müdaxilə edən yanğından mühafizə briqadasına və təzyiqli su avtomobilinə (TOMA) daşlarla hücum ediblər. İnsidentin böyüməsi ilə yanğınsöndürənlər geri çəkilməyə məcbur olub. Bölgədə vaxtaşırı silah səsləri də eşidildiyi bildirilir. 
 
Hərbçilərlə terrorçular arasında atışma baş verib
 
Daha bir hücum hadisəsi isə Türkiyənin Azərbaycanla sərhəd vilayəti olan İğdırda baş verib. Məlumata görə, İğdır ilə Ağrı vilayətinin Doğubəyazid rayonunun arasındakı Pamuk keçidində təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışma baş verib. AnsPress-in məlumatına görə, yarım saat davam edən atışma zamanı İğdırın Suverən kəndi ilə Doğubəyazidin Karabulak kəndlərinin yolu bağlanıb. Daha sonra yollarda avtomobillərin hərəkəti bərpa olunub və bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib. 
 
Xatırladaq ki, ötən gün gündüz saatlarında Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda kamikadze terrorçunun aksiyada törətdiyi partlayış nəticəsində 30 nəfər ölüb, 104 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar arasında vəziyyəti ağır olanlar olduğundan ölü sayının çoxalacağı istisna olunmur. 
 
Kamikadze hücumun İŞİD terror təşkilatının üzvü olan 18 yaşlı qız tərəfindən törədildiyi bildirilsə də bu istiqamətdə araşdırmalar davam edir.

Google+ WhatsApp ok.ru