Türkiyədəki 7 manatlıq dərmanı Azərbaycanda 250 AZN-ə satan `qaniçənlər` kimlərdir?

Milli Məclis tərəfindən 16 dekabr 2014-cü ildə "Dərman vasitələri haqqında" qanuna dəyişikliklər edilib və dəyişiklik dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi, həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsini nəzərdə tutub. "Dərman vasitələri haqqında" Qanunun tətbiq edilməsi barədə" Prezidentin 2015-ci il 18 mart tarixli fərmanına əsasən Tarif Şurasına qanuna uyğun olaraq dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsini üç ay müddətində təmin etmə tapşırılıb. Nazirlər Kabineti də buna müvafiq olaraq "Qiymətləri dövlət tərəfindən tənzimlənən malların Siyahısı"nda dəyişiklik edib. Başqa sözlə, Nazirlər Kabinetinin bu qərarından sonra Tarif Şurası dərman vasitələrinin ekspertiza xidmətləri, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərini tənzimləmək üçün müvafiq qərar qəbul edə biləcək.  Bu qərarlarların qəbul edilməsinə baxmayaraq hələ də dərmanların qiymətində xarici ölkələrlə müqayisədə böyük fərq hiss olunur. Belə ki, qonşu Türkiyədə 7 manata alınan dərmanın Azərbaycan apteklərində 250 AZN-ə satıldığı haqda redaksiyamıza məlumat daxil olub.
Bəs görəsən qəbul edilən qərarlardan keçən müddət ərzində ölkənin dərman bazarında vəziyyət necə dəyişib?. Ümumiyyətlə xarici dövlətlərlə müqayisədə Azərbaycanın dərman bazarında qiymətlər necədir?
İslaminSesi mövzunu Azad İstehlakçılar Birliyi nin sədri Eyyub Hüseynovla müzakirə edib. Ekspert bildirib ki, hökumətin qiymət siyasətinə müdaxilə etməsi yaxşı hal oldu: “Çünki tələbatın çoxalması qiymətləri sürətlə artırırdı. Azərbaycan xalqı sürətlə kimyalaşır. Aptek şəbəkələri başqa ölkələrdən 20 dəfə artıqdır. Apteklərin içərisində olan insanlar da xarici dövlətlərə nisbətdə 20 dəfə artıqdır. Klinikalarda demək olar ki, hər yerdə növbədir. Azərbaycan xəstələrini İrana, Türkiyəyə və digər ölkələrə aparan xüsusi firmalar mövcuddur.  Hətta həmin ölkələrdə qalmaq üçün ucuz otel xidmətləri də təklif edilir. Bütün bu tələbat dərmanların qiymətinin artımına səbəb olur. Təsadüfi deyil ki, xarici ölkə həkimlərinin Azərbaycana böyük axını var.  Təəssüf ki, Səhiyyə Nazirliyi bu istiqamətdə heç bir tədqiqat aparmır. Bu böyük dərman biznesinin və kimyalaşmanın inkişafı heç kimi maraqlandırmır”.
 
Eyyub Hüseynovun sözlərinə görə, tələb olduğu üçün qiymətlər artır: “Hökumətin müdaxiləsi zəruri idi, lakin kafi olmadı. Çünki bazarda keyfiyyətsiz dərmanlar peyda olur.  Bizə hər dəfə vətəndaşlar tərəfindən zənglər gəlir. İlkin tələbat dərmanlarının, xüsusən də antibiotiklərin keyfiyyətsizliyi və təsirsizliyi barədə məlumat verirlər. Eyni zamanda dərmanların qiymətində də problemlər yaşanır.  Məsələn əvvəl baha satılan dərmanların dövlət tərəfindən nəzarəti həyata keçiriləndən sonra qiymətləri aşağı salınsa da,  vətəndaşlar  həmin dərman qutularındakı pereparatların sayının azaldılmasından şikayət edirlər. Bu işlə məşğul olan distribitürlər keyfiyyətsiz dərmanların satışı üçün min cür vasitələrə əl atırlar”.
 
Ekspert qeyd edib ki, hökumət bu işdə səhvə yol verib: “Bazar tam olaraq liberallaşmalı, bütün maneələr aradan qaldırılmalı idi. Əgər bazar liberal olsa, dərmanların keyfiyyəti qalxar və qiymətlər aşağı düşər. Hökumət məhz bu addımı atmalı idi”.
 
Eyyub Hüseynov birmənalı olaraq internet üzərindən satışı həyata keçirilən dərmanların demək olar ki 90 faizinin saxta olduğunu da bildirib: “Vətəndaşlar dərman alarkən onun sertifikatını tələb etsinlər. Həmçinin problemlə rastlaşdıqda Səhiyyə Nazirliyinin qaynar xətti ilə əlaqə saxlayıb bildirsinlər. Əhali bilməlidir ki, böyük kimyalaşmanın əsas səbəbi qəbul edilən qidalardadır.  Qida alarkən çox ehtiyyatlı olmaq vacibdir”.

Google+ WhatsApp ok.ru