Türkiyənin XİN rəhbəri Azərbaycana səfər edəcək

Türkiyənin XİN rəhbəri Azərbaycana səfər edəcək

-- M.Çavuşoğlu Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin üçtərəfli görüşünə qatılacaq

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfər proqramı açıqlanıb.
 
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, XİN başçısı noyabrın 30-da Bakıda “Asiyanın qəlbi" - İstanbul prosesi təşəbbüsünün 7-ci nazirlər konfransında iştirak edəcək.
 
M.Çavuşoğlu səfər çərçivəsində ilk dəfə keçiriləcək Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin üçtərəfli görüşünə qatılacaq. Görüşdə 3 ölkə arasında əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi müzakirə olunacaq, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.
 
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin XİN başçısını qəbul edəcəyi gözlənilir.
 
Bundan başqa, M.Çavuşoğlu tədbirdə iştirak edən ölkələrin XİN başçıları və digər rəsmiləri ilə ikitərəfli görüşlər də keçirəcək.
 
Xatırladaq ki, noyabrın 30-da və dekabrın 1-də Bakıda "Asiyanın qəlbi" - İstanbul prosesi təşəbbüsü 7-ci nazirlər konfransı keçiriləcək. Azərbaycan hazırda Əfqanıstanla birlikdə prosesə həmsədrlik edir. Nazirlərin görüşünə həmçinin təşəbbüsün iştirakçıları olan digər ölkələrdən yüksək vəzifəli nümayəndələrin qatılacağı gözlənilir. Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qəni toplantıda iştirak etmək üçün Azərbaycana gələcək. 

Google+ WhatsApp ok.ru