Trump saatbasaat gözdən düşür

Trump saatbasaat gözdən düşür

"The İndependent" yazır ki, siyasət aləmi də pop musuqisi aləmi kimidir. Adamın bəxti hər an tərsinə dönə bilər.
 
Bir də görürsən göyün yeddinci qatındasan, bir də görürsən sərt enişdə… Çox vaxt bunun niyə belə olduğunu başa düşmək də olmur.
 
Məqalədə deyilir ki, Trump-a gəldikdə isə, onun vəziyyəti prezidentliyinin başlanğıcından cəmi iki həftə keçmiş deyəsən pisdən betərə doğru dəyişir.
ABŞ-da keçirilmiş rəy sorğusu göstərib ki, tarixdə prezidentliyinə ən aşağı reytinqlə başlamış Trump-ın populyarlığı ikicə həftədə lap aşağı düşüb.
Gallup-ın arapdığı monitorinq tipli rəy sorğusundan aydın olub ki, rəyi soruşulanların 53 faizi onun prezident kimi fəaliyyətindən narazıdır. 42 faiz isə bu fəaliyyətdən razı olduğunu bildirib. Yanvarın 22-də, inaqurasiyadan iki gün sonra onu bəyənənlər və bəyənməyənlər arasında nisbət 45 faiz-45 faiz idi.
Cənab Trump-ın ümumi rəğbət reytinqi onun prezidentliyinin elə birinci həftəsində 8 bal enib. Bundan başqa prezidenti bəyənənlərlə bəyənməyənlər arasında fərq də böyüyüb və hazırda 12-yə çatıb.
 
"The İndependent" izah edir ki, Gallup prezidentin fəaliyyətini təqdir və tənqid edənlərin faizini bilmək üçün hər gün 1500 amerikalı arasında telefonla rəy sorğusu keçirir.
 
Rəy sorğusu nəticələrində mümkün xəta 3 faiz ola bilər.
 
Prezidentlərin populyarlığını hələ Dwight D Eisenhower-in vaxtından müəyyən edən Gallup bildirir ki, indi Trump-ı istəməyənlərin faizi 53-dür.
 
Müqayisə üçün qeyd olunur ki, keçmiş prezident Barack Obamanın prezidentliyinin ikinci həftəsində onu bəyənənlərin faizi 65 idi. George W Bush da 2001-ci ilin əvvəllərində 50 faizdən çox insanın xoşuna gəlirdi.
 
Rəy sorğusu barədə hesabatdan belə başa düşülür ki, Trump-ın iki həftə ərzində belə gözdən düşməsinə səbəb onun verdiyi ilk sərəncamların xaotikliyidir.
 
Gallup-ın nəticələrinə görə rəyi soruşulanların 50 faizi Trump-ın çox sürətlə hərəkət etdiyini, 35 faizi isə normal sürətlə işlədiyini bildiriblər.
 
Cənab Obama prezidentliyinin ilk 12 günündə 19 icra sərəncamı vermişdi. Trump bundan bir sərəncam az verib. Lakin 2009-cu ildə rəyi soruşulanların yalnız 12 faizi Obamanın tələskənliyə yol verdiyini düşünürdülər. (bbc) 

Google+ WhatsApp ok.ru