Turan agentliyinin direktoru Mehman Əliyevə qarşı yeni ittiham irəli sürülüb- YENİLƏNİB

Turan agentliyinin direktoru Mehman Əliyevə qarşı yeni ittiham irəli sürülüb- YENİLƏNİB

Vəzifə səlahiyyətlərindən sui-istifadə və vergi ödəməkdən yayınma maddələri ilə ittiham olunaraq həbs edilən Turan agentliyinin direktoru Mehman Əliyevə qarşı yeni ittiham irəli sürülüb.
Turan agentliyi vəkil Fuad Ağayevə istinadən xəbər verir ki, hazırda Yasamal rayon məhkəməsinə aparılan Mehman Əliyev, həm də qanunsuz sahibkarlıq maddəsi ilə də ittiham olunur.
Mehman Əliyev 24 avqustda "vəzifə səlahiyyətlərindən sui-istifadə və vergi ödəməkdən yayınma" maddələri ilə bağlı iş üzrə şübhəli şəxs qismində 48 saatlıq saxlanılıb və Vergilər Nazirliyinin İstintaq İdarəsindən Yasamal rayonunun polis idarəsinə gətirilib.
 
***
Mehman Əliyev Yasamal Polis İdarəsinə gətirilib.
 
Gecəni idarənin müvəqqəti saxlanma təcridxanasında qalacağı bildirilib.
 
“Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli Mehman Əliyev üçün yemək gətirib. Yeməyi qəbul etsələr də, Mehman Əliyevlə görüşməsinə icazə verməyiblər. M.Əliyev barəsində 48 saatlıq saxlanılma qərarı verilib.
 
***
“Turan İnformasiya agentliyinin direktoru Mehman Əliyevin saxlanılması zamanı qanun pozuntusuna yol verilib”.
 
Bunu AzadlıqRadiosu-na vəkil Fuad Ağayev bildirib. O qeyd edib ki, bu gün, avqustun 24-ü saat 15:00-da Apellyasiya Məhkəməsində Nəsimi Rayon Məhkəməsinin agentliyin ofisində axtarış aparılması haqqında qərarından verdikləri şikayətə baxılıb.
 
Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. İclasdan sonra vəkilin deməsinə görə, müstəntiq və prokuror M. Əliyevə “40 dəqiqəlik dindirmə” məqsədi ilə Vergilər Nazirliyinin Vergi Cinayətləri Departamentinə getməyi təklif ediblər.
 
Vəkilin bildirməsinə görə, Vergi Cinayətləri Departamentində onu və M.Əliyevi bir otaqda saxlayıblar.
 
​Saat 17:50 radələrində isə müstəntiq Vüsal İbadov ondan order istəyib. Vəkil Ağayev deməsinə görə, Əliyev şahid qismində dindirildiyindən orderə ehtiyac olmadığını bildirib.
 
“Müstəntiq bildirdi ki, Əliyevin statusu dəyişib. Mən artıq iş gününün sonu olduğunu və indi order təqdim edə bilməyəcəyimi bildirdim”.
 
Bundan sonra vəkili deməsinə görə, onu departamentin binasından çıxarıblar.
 
Vəkil onu da qeyd edib ki, müstəntiq Əliyevin statusunun dəyişdiyini bildirməmişdən əvvəl hakimiyyətyönlü KİV artıq, agentliyin direktorunun saxlanıldığı haqqında məlumat yayırdı.
 
“Bu, öz-özlüyündə Mehman Əliyevin saxlanılması barədə sifarişin hansı səviyyədə verildiyini göstərir. İstintaqın hərəkətləri qanunsuzdur. Vəkilin iştirakına baxmayaraq, onu hüquqi müdafiədən məhrum ediblər”, – deyə vəkil bildirib.
 
F.Ağayev deyib ki, M.Əliyev ən tez sabah, avqustun 25-də, o, order təqdim etdikdən sonra məhkəməyə çıxarılacaq. /
 

Google+ WhatsApp ok.ru