TÖVBƏNİN QİSİMLƏRİ

TÖVBƏNİN QİSİMLƏRİ

Allah-Taala “Nisa” surəsinin 17-ci ayəsində “tövbə”dən söz açaraq buyurur:

إِنَّمَا التَّوْبَةُ عَلَى اللّهِ لِلَّذِينَ يَعْمَلُونَ السُّوَءَ بِجَهَالَةٍ ثُمَّ يَتُوبُونَ مِن قَرِيبٍ فَأُوْلَـئِكَ يَتُوبُ اللّهُ عَلَيْهِمْ وَكَانَ اللّهُ عَلِيماً حَكِيماً

Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq üzündən pis bir iş gördükdən sonra dərhal tövbə edərlər (peşman olub Allaha üz tutarlar). Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!”

Bu ayədə (və digər ayələrdə) tövbənin iki qisimdən ibarət olduğu anlaşılır: biri bəndənin Allaha üz tutması, başqa sözlə, günahkar bəndənin peşman olub günahının bağışlanmasını Allahdan diləyərək tövbə etməsi, digəri isə Allah-Taalanın Öz rəhmət və inayəti ilə bəndəsinə üz tutması, başqa sözlə, Allah-Taalanın bəndəsinin tövbəsini qəbul edib günahını bağışlaması.

Tövbənin birinci qismi – yəni bəndənin tövbəsi də bir cəhətdən üç qismə bölünür:

1. Dildə tövbə: Belə tövbə yalnız sözdən ibarətdir və əməl və rəftarda heç bir dəyişiklik yaratmır. Hər gün “Əstəğfirullahə rəbbi və ətubu iləyh” – zikrini deyib, əməlindən əl çəkməyən hələ də qaranlıq günah vadisindədir. Belə insan özünü ələ salır, Allahın əmrini, dini təlimləri masqara edir. (“Biharul-ənvar”, 6-cı cild, səh.36, hədis 54 və səh.1, hədis 75.)

2. Ötəri tövbə: Bəzən günahkar insan qəflət yuxusundan ayılaraq öz keçmişindən peşman olur və tövbə edir; həm tövbənin sözlərini dilə gətirir, həm səmimi qəlbdən peşman olur, həm də günahların tərkinə dair qəti söz verir. Amma bu vəziyyət çox çəkmir və həmin vəziyyətdən çıxıb hər şeyi unutduqda, keçmiş yoluna davam etməyə başlayır. Alimlər bu sayaq tövbələri suyun içinə qoyulan xəlbirə bənzədirlər, suda olduqda su ilə dolu görünür, sudan götürüldükdə isə, içində bir damla belə su qalmır. Ötəri tövbələr də bu qəbildəndir.

3. Əsaslı tövbə: Bu tövbə insanın canı və ruhunda təsir qoyduğundan əməl, rəftar və danışıqlarda özünü büruzə verir. Odur ki, belə tövbəkarlar tövbədən sonra günahların zərərini saleh əməllərlə bərpa edirlər. Çünki tövbədən sonra insan xəstəlikdən sağalan, lakin xəstəliyi müddətində itirdiyi qüvvəsini əldə etməyən şəxsə bənzəyir. Tövbəkar insan geri qayıtmasa da, hələ günahın təsirləri ruhunda qalmaqdadır. Onun ağır zərbələri ruhunu zəiflətdiyi üçün, yaxı və saleh əməllərlə (ən azı günahları qədər) onu gücləndirməlidir ki, yenidən günaha qayıtmasın. İmam Əli (ə) bu haqda buyurur:

وَ الْخَامِسُ أَنْ تَعْمِدَ إِلَى اللَّحْمِ ا لَّذِى نَبَتَ عَلَى السُّحْتِ فَتُذِیبَهُ بَالاَْحْزَانِ، حَتَّى تُلْصِقَ الْجِلْدَ بَالْعَظْمِ، وَ یَنْشَأَ بَیْنَهُـمَا لَحْمٌ جَدِیدٌ

“...Tövbənin beşinci şərti odur ki, haram nəticəsində bədəndə bitən ət dəri sümüyə çatana (sümüklər görünənə) qədər əridilsin və (itaət vasitəsilə) yerini yeni ət doldursun.” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 417.)

Bəli, günahdan bitən ətlər zəhərlidir və sağlam ətlərin inkişafı üçün onların əridilməsi labüddür. Əks-təqdirdə, yenidən günah və məsiyətə düşmə ehtimalı gözlənilir. Bununla yanaşı, hər hansı şəxsin mənimsənilmiş haqqı ödənilməli, onun razılığı qazanılmalı, yaxud ondan halallıq alınmalıdır və tərk edilən ibadətlərin də qəzası yerinə yetirilməlidir.

Bir sözlə, tövbənin qisimləri içərisində üçüncüsü həqiqi tövbə sayılır və digər qisimlər isə insanın yalnız özünü aldatdığı səthi bir haldır. (“Valatərin bəndeqan” – Şərhe ayate ibadur-rəhman”, Ayətullah Məkraim Şirazi, səh.135-137.)

Rza Şükürlü (Maide.az)

Google+ WhatsApp ok.ru