Tövbə surəsini oxumağın fəziləti

Tövbə surəsini oxumağın fəziləti

 “Tövbə” surəsi Qurani-Kərimin 9-cu surəsidir və 129 ayədən ibarətdir.  Təfsir alimləri bu surənin on adından söz açmışlar ki, ən məşhur adları “Tövbə” və “Bəraət”dir. 
 
Bəzi təfsirçilər bu surədəki mövzuları “Ənfal” surəsinin davamı saymışlar. Onların nəzərincə, elə bu səbəbdən surə “Bismillahir-Rəhmanir-Rəhim”siz başlamışdır. Amma surənin adı rəvayətlərdə “Bəraət” və “Tövbə” kimi qeyd olunduğundan, onun “Ənfal” surəsinin davamı yox, müstəqil bir surə olduğu anlaşılır. Əlbəttə, bu mətləblə yanaşı, Əhli-beytdən (ə) nəql olunan rəvayətlərə əsaslanan bir çox təfsir alimlərinin qeydlərinə görə, bu surə müstəqildir və onun “Bismillah”sız başlamasının səbəbi onda Allahın müşriklərə qəzəbli tərzdə müraciət etməsi və bunun da sülh, barışıq, dostluq və məhəbbət nişanəsi olan, Allahın “rəhman” və “rəhim”, “mehriban” və “bağışlayan” sifətinə işarə edən “Bismillahir-Rəhmanir-Rəhim” ibarəsi ilə uzlaşmamasıdır. İmam Əlidən (ə) nəql olunan bir hədisdə buyurulur: “Bəraət” (Tövbə) surəsinin əvvəlində “Bismillahir-Rəhmanir-Rəhim”in nazil olmamasının səbəbi odur ki, “Bismillah” aman və rəhmət üçün, bəraət isə amanın götürülməsi üçündür...”
 
İmam Sadiq (ə) buyurmuşdur: “Ənfal və Bəraət surələrini hər ay oxuyan şəxsin vücuduna əsla nifaq və ikiüzlülük ruhu daxil olmaz, imam Əmirəlmöminin Əlinin (ə) həqiqi tərəfdarlarından olar və qiyamət günü onlarla birlikdə insanların hesabdan qurtaracağı vaxta qədər behişt süfrələrindən bəhrələnər.”
 
“Tövbə” surəsinin əhəmiyyətini anlamaq üçün Peyğəmbəri-Əkrəmin (s) bir buyruğunu xatırlamaq kifayətdir: “Bəraət” və “Tövhid” surələri yetmiş min mələyin müşayiəti ilə nazil oldu.”
 
(“Təfsiri-nümunə”, Ayətullah Məkarim Şirazi, 7-ci cild, səh.78 və 271-275; “Nur təfsiri” Ustad Qəraəti, 5-ci cild, “Tövbə” surəsinin təfsiri; “Surələr gülüstanı”, Məhəmmədhüseyn Cəfəri, səh.63.)
 
Maide.Az - Maarif bölümü 

Google+ WhatsApp ok.ru